“Xəstəliklərdən qorunma məqsədi ilə ölkə əhalisinin məlumatlandırılması, maarifləndirilməsi və müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək”.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Klinikanın nəzdində “Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və “Toksikoloji Araşdırmalar Mərkəzi” fəaliyyət göstərəcək:
“Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində və ya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, böhran vəziyyətində müvafiq koordinasiyanın həyata keçirilməsi üzrə fəaliyyət göstərəcək.
Fəaliyyət dairəsinə həmçinin, ölkənin biotəhlükəsizlik statusuna təhdid ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatların aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi də daxildir”.
Q.Təhməzli qeyd edib ki, “Toksikoloji Araşdırmalar Mərkəzi” tərəfindən qida, bitki və heyvan sağlamlığı sahələrində istifadə edilən dərman vasitələri qaynaqlı kimyəvi təhlükələrin önlənməsi məqsədi ilə müvafiq təlimatların hazırlanması və icra edilməsi, eləcə də ölkə xaricindən və daxilindən qaynaqlana biləcək kimyəvi agent qaynaqlı təhlükələrin mütəmadi olaraq qiymətləndirilməsi və önlənməsi tədbirləri görüləcək:
“Eyni zamanda Mərkəz kimyəvi zəhərlənmələrin qaynağının müəyyən edilməsi məqsədi ilə mənşəyi məlum olmayan kimyəvi maddə təyini, həmçinin bioloji materiallarda toksikoloji analiz laboratoriyalarının qurulması və işinin təşkil edilməsi, kimyəvi agent qaynaqlı təhlükələrə qarşı böhran vəziyyətinin idarə edilməsi və müvafiq koordinasiyanın həyata keçirilməsi, kimyəvi təhlükə səviyyəsinin yerində müəyyən edilməsi üçün müvafiq mobil laboratoriyaların işinin təşkili üzrə fəaliyyət göstərəcək”.
AQTA sədri həmçinin qeyd edib ki, Mərkəz tərəfindən “Quş qripi”, yüksək patogenliyə malik koronavirus növlərinin, Qara Yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması, tədqiqinin aparılması, bu kimi hallara çevik reaksiya verilməsi məqsədi ilə Biotəhlükəsizlik üç səviyyəli laboratoriyaların formalaşdırılması həyata keçiriləcək.