"Bu ilin ötən dövrü ərzində 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub".

 

Bizimaz.az  APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, AQTA yüksək patogen quş qripi və koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib:

"Quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur.

Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən "quş qripi" xəstəliyinin törədicisinin “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda coğrafi baxımından xəstəlik dünyada çox geniş arealda yayılıb. Belə ki, Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb.  Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur".

Q.Təhməzli eyni zamanda sahibkarları dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb:

"Bununla yanaşı, yüksək patogen "quş qripi" və Nyukasl xəstəliklərinin qeydə alındığı bölgələrdən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Yanvarın 13-dən 17-dək ölkə ərazisində keçirilən epizootoloji monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib. Xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə də rast gəlinməyib".

O qeyd edib ki, fevralın 10-dan 14-dək AQTA aidiyyəti qurumlarla birgə ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə növbəti epizootoloji monitorinqlər keçirir.