“Xoşbəxt müəllimlə biz 25 ildir ki, bir-birimizi tanıyırıq. Bütün dövrlərdə bizim çox sıx səmimi yoldaşlıq münasibətlərimiz olubdur. Biz yol yoldaşı olmuşuq və 1994-cü ilin yay aylarında “Əsrin kontraktı”nın hazırlanması üçün son danışıqlar prosesində iştirak etmişik.
Amerikanın Hyuston şəhərində bir aydan çox qalmışdıq. Danışıqlar çox gərgin keçirdi, bir çox problemlər var idi. Hər iki tərəf istəyirdi ki, özü üçün ən məqbul şərtləri əldə etsin. Nəticə etibarilə biz hesab edirəm ki, çox məqbul kompromisə gələrək, Azərbaycan üçün ən gözəl şərtləri əldə etdik”.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 14-də akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
İlham Əliyev deyib ki, o şərtlər bugünkü pay bölgüsündə öz əksini tapıb:
“Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir. Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı”.
İlham Əliyev Xoşbəxt Yusifzadə ilə Dövlət Neft Şirkətində birlikdə işlədiyi vaxtları xatırlayıb və deyib ki, onunla qonşu olub:
“Qapımız bir-birinin yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir.
Xatırlayıram ki, 1997-ci ildə “Abşeron” yatağı üzrə kontrakt imzalanandan sonra seysmik işləri aparılmışdı və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdaşlara demişdi ki, onlar quyunun yerini səhv seçiblər, orada heç bir ehtiyat olmayacaq. Onlar da dedilər ki, yaşlı kişidir, bizim seysmik qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırmamız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə isə deyir.
Əhəmiyyət vermədilər və peşman oldular. Çünki onlar Xoşbəxt müəllimə qulaq asmadılar, quyunu qazdılar və o da boşa çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət “Abşeron” yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı, kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı”.
istinad