Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri sürətlə davam edir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.
BAKU.WS Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən xəbər verir ki, oktyabr ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirmiş, Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd etmişdir.
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanmış, bu istiqamətdə sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxribatlarına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləşdirilməsi üzrə görülən işlər haqqında məlumat verilmiş, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilmişdir.
Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulamışdır.
Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.
Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayəndələri ilə əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynaması, icra hakimiyyəti, prokurorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əməkdaşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliyyətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xidmət etməsi xüsusi qeyd olunmuşdur.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə kompleksinə baxış keçirmişdir. Hərbi hissədə xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntəqəsi, idman zalı, təminat binaları, su rezervuarları inşa olunmuşdur.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.
Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılmışdır.