Xəbər lenti

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 8-də Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bizimaz.az: Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri iki ölkə arasında əlaqələrin inkişaf etməsində dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların cinayət hadisələrinin sayının azalmasına səbəb olduğunu diqqətə çatdıran Müdafiə naziri Respublika Hərbi Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini də qeyd edib.

Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror V.Petrov da iki ölkə arasındakı əlaqələrin tarixi köklərə əsaslandığını, hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.

Tərəflər qeyd ediblər ki, hər iki ölkənin hərbi hüquqşünaslarının səyləri cinayətkarlıqla mübarizənin gücləndirilməsi, qoşunlarda hüquq qaydalarının təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, korrupsiya hallarının istənilən formalarının istisna edilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının və qanuni maraqlarının müdafiə edilməsinə yönəldilib.

Tərəflər həmçinin bu səfərin səmərəli və faydalı, gələcək əlaqələrin isə daimi və sıx olacağına ümidvar olduqlarını bildiriblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov