Dövlət Bayrağı Meydanının yaxınlığında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilir.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə inkişafı və əldə etdiyi xidməti nailiyyətlər haqqında ictimaiyyətə geniş məlumat verilir.
Həmçinin, şəhər sakinləri, xüsusən də gənclər və yeniyetmələr Azərbaycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizəsi tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında ətraflı məlumatlandırılır.
Sərgidə Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçuş aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizəsi və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunur.
Tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılıb.