Laçın rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşdükdən sonra əsir düşməmək üçün özünü öldürüb.

 

Bizimaz.az  Trend-ə istinadən xəbər verir ki, şəhid polkovnik-leytenant uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin yetişməsində Q.Baxşəliyevin əməyi olub. O, müəllim işləməmişdən əvvəl də hərbçi kimi fəaliyyət göstərib. İki il müddətində Tərtərdə düşmənlə üz-üzə xidmət edib.

Polkovnik-leytenant sentyabrın 27-də başlayan Vətən müharibəsinə iki gün sonra, 29-da qoşulub. Şəhidin yaxınlarının sözlərinə görə, o, əslən Laçından olduğu üçün daim torpaqlarımızın işğaldan azad olacağı günü gözləyib. Vətənə olan bu sevgi də onu daim irəliləməyə vadar edib.

Q.Baxşəliyevin atası İnqilab Baxşəliyev bildirir ki, oğlu hər dəfə ailəsi ilə əlaqə saxladıqda evlərinə yaxınlaşdığını söyləyib:

"Şəhidə ağlamaq düzgün deyil, çünki onlar qalibdirlər, bu yolda qələbə çalıblar. Ona görə də şəhidlər ölməyib, sağdırlar".

Həyat yoldaşı ilə sonuncu dəfə 2 noyabrda əlaqə saxladığını deyən Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb.

"Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyərdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə Zəngilan ərazisində postları yoxlayanda dumana düşüb yolu azaraq mühasirəyə düşdüyünü, sonra da əsir düşməmək üçün özünü öldürdüyünü dedilər".

Prezident İlham Əliyevin sərəncamı ilə Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.