Xəbər lenti

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla ermənilər noyabrın 15-dək Kəlbəcəri tərk etməli idi. Amma düşmənin ərazini tərk etməsi üçün daha 10 gün istəməsi, erməni vandallığının davam etdirildiyini göstərir. Kəlbəcərdən əli üzülən düşmən meşələri qıraraq Ermənistana daşıyır, qəbirləri eşir, evləri, daşınmaz olan istənilən maddiyyatı yandırır, məhv edir. Bu xüsusda düşmənin Azərbaycana daha çox itki yaşatması üçün Kəlbəcərin ərazisini minalaması istisna edilmir.

 

Bizimaz.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a açıqlamasında ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, ermənilərin hər cür hiyləyə, məkrə əl atması yeni fakt deyil:

“Biz bütün təlim və treninqlərdə hər bir incə detal üzərində işləyirik. Bizdə evlərin təmizlənməsi və ƏPQ-əldəqayırma partlayıcı qurğuların təmizlənməsinə qarşı mübarizə və s. təlimləri keçirilib. İşğaldan azad olunmuş torpaqlarda xidmətə cəlb olunan hər bir əməkdaş bu təlimlərdə iştirak edib, öz praktikasında bundan əyani şəkildə istifadə edib. Düşünürük ki, düşmən tərəfindən təhlükəli tələlərə çox rast gələcəyik. Necə ki, beynəlxalq müstəvidə qadağan olunmuş, amma düşmən tərəfindən istifadə edilən fosforlu, kassetli sursatlarla qarşılaşdıq və hamısını də uğurla zərərsizləşdirdik. Biz indiyədək 1173 ədəd bombacıq, o cümlədən 4 ədəd fosforlu sursat aşkar edərək, zərərsizləşdirmişik. Çox şükür ki, bu cür qadağan olunmuş sursatların məhvi, götürülməsi və daşınmasını tam olaraq, təhlükəsiz və xəsarət almadan yerinə yetirdik. Düşünürəm ki, növbəti mərhələdə qarşımıza çıxan hər bir düşmən maneəsini də uğurla dəf edəcəyik”.

 

Qurum rəsmisi deyib ki, ANAMA əməkdaşları hər cür çətinliyə hazırdır:

“Çünki bizim xüsusi mobil əməliyyat qruplarının hamısı bu ixtisaslar üzrə tam olaraq, təkmilləşdirilib. Həm evlərin, həm əldəqayırma partlayıcı qurğuların, həm də şübhəli əşyalara yaxınlaşma mövzusunda kifayət qədər parktikaya sahib olan ANAMA əməkdaşları hər cür çətinliyə hazırdır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov