Xəbər lenti

 

Bu gün Prezident İlham Əliyevin işğaldan azad olunduğunu elan etdiyi kəndlərdən biri də Qubadlının Qəzyan kəndidir. 

 

Bu kənd Azərbaycana Milli Qəhrəman və Birinci Qarabağ Müharibəsinin iştirakçısı, vətənimiz yolunda canını fəda edən mayor Əliyar Əliyevi bəxş edib.

Ə.Əliyev Qubadlının Qazyan kəndində 1957-ci ildə anadan olub. Qarabağ Müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub.

Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilib. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi da tanınırdı. 

Ə.Əliyev Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. 1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyub. 

Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirib, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazıb. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilib, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun üç döyüşçüsünə ölüm hökmü çıxarılıb.

1992-ci ilin aprel ayının 16-da “Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçib.

Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv edib, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişiblər.

1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olub. 1992-ci ilin avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edib. 

Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov