Ötən gün müzəffər Azərbaycan ordusu Zəngilanın 13 kəndini və Ağbənd qəsəbəsini işğaldan azad edib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi “Twitter səhifəsində bildirib.
Azərbaycan bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb. Qəsəbənin işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.
Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisədir. Nəticədə, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir.
Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərimizdən biridir. Orada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanıb.
Təbii ki, İranla həmsərhəd ərazilərin işğaldan azad olunması tranzit nöqteyi-nəzərindən Zəngilan rayonunun xüsusi özəlliyi var. Bu rayon İranla ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Rayondakı dəhliz iki dövləti birləşdirir və xarici ticarət üçün unikal imkanlar yaradır.
Ermənilər tərəfindən işğal edilmiş ərazilər “qara bölgə” kimi beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Nəzarətsiz sərhədlər bütün bölgənin, o cümlədən, İranın təhlükəsizliyinə ciddi təhdid, böyük risk idi.
Bu baxımdan, Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bildiyiniz kimi, Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir, onun 132 kilometri uzun illərdir ki, nəzarətsiz qalmışdı və ermənilər burada “narkotik yuvası” yaratmışdılar.
Dünən Ağbənd qəsəbəsinin işğaldan azad edilməsindən sonra İranla olan bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir. Bununla həm də işğal edilmiş ərazilərdən İrana doğru uzanan “qara əllər” və “qara yollar” kəsilib.
Təsadüfi deyildir ki, Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib.
Ermənistan 30 ilə yaxın dövrdə Kəlbəcər və Zəngilan rayonu ərazisindəki mineral ehtiyatları mənimsəyərək, erməni mənşəli resurs kimi Avropa ölkələrinə ixrac edirdi. Bununla da Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu. Artıq düşmən ölkə bunu edə bilməyəcək. Nəticədə, ticari tənəzzülə uğrayır…
Zəngilan rayonunun işğaldan azad edilməsi, Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək, ticarət dövriyyəsini artıracaq.
27 illlik həsrətin sona çatdığı Zəngilan rayonu mühüm coğrafi müxtəlifliyə sahibdir. Bu müxtəliflik onun turizm potensialını da üzə çıxaracaq.
Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi “Bəsitçay” qoruğunda yerləşir. “Bəsitçay” qoruğu Azərbaycanın cənub-qərbində - işğal olunmuş Zəngilan ərazisinin Bəsitçay dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı “Qırmızı Kitab”a daxil edilib.
Əfsuslar olsun ki, işğalçı ermənilər həmin ağacları kəsərək, yüngül sənayedə istifadə edib, eyni zamanda, digər ölkələrə ixrac olunub.
Zəngilanın işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək. Rayon tikinti sektorunda daxili tələbatın qarşılanmasında əhəmiyyətli rol oynacaq. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur.
Azərbaycanın işğal altında olmayan əraziləri tərəfdən Azərbaycan və İranın bölgələrinin sosial-iqtisadi inkişafı ilə işğal altındakı olan ərazilərdə mövcud vəziyyətin müqayisəli təhlili aydın göstərir ki, qarşıdan gələn dövrdə bu bölgələri hansı gözəl perspektivlər gözləyir.
Son illər Azərbaycanın bir sıra bölgələrində quraqlıq, su çatışmazlığı müşahidə edilirdi.
Bundan sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin birgə icrası hər iki ölkənin iqtisadi əməkdaşlığını daha da dərinləşdirəcək. Həmçinin, Araz çayının su ehtiyatlarının bu işə cəlb edilməsi ilə bölgələrdə su çatışmazlığı probleminin də həllində dönüş yaranacaq.
Hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli istifadə edəcək. Artıq “Xudafərin” hidroqovşaq bəndinin tikintisinin 90 faizi tamamlanıb.
Xudafərin körpüsünün və ətraf ərazilərin işğaldan azad edilməsi bu sazişin bölgənin su və enerji təchizatında müstəsna rol oynamasına imkan yaradacaq. İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.