"Hadrut qəsəbəsi deyiləndə biz nəzərə almalıyıq ki, Ermənistan Silahlı Qüvvələrinin tərkibindəki 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahı və bütün ehtiyat bölmələri bu ərazidə yerləşirdi. Bu ərazidə, demək olar ki, bizim cənub istiqamətində əks həmləyə keçən bölmələrimizin qarşısına çıxan ən mühüm strateji bir ərazi idi".

 

Bizimaz/az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev bildirib. 

O, əlavə edib ki, ermənilərin bu ərazini geri almaq cəhdləri təsadüfi deyil:

"Bu strateji ərazinin içərisində həm hərbi hissələrin şəxsi heyətinin ehtiyatlarının olması, həm silah-sursat, texnikanın orada yerləşdirilməsi, həm də Hadrut yaşayış məntəqəsindəki taktiki yüksəkliklərin arxasında həddindən artıq gücləndirilmiş mühəndis istehkam blendajlarının olması baxımından çox mühüm və əhəmiyyətli yer idi.

Əslində Azərbaycan ordusunun əks həmlə keçirən bölmələrinin qarşısına çıxa biləcək ən çətin və möhkəmləndirilmiş ərazi hərbi baxımdan həmin bu ərazi idi. Ermənilər təsadüfən bu ərazini geri almaq cəhdləri etmirlər.

Onlar Hadrutu hərbi qala kimi qəbul edirdilər. Düşmənin hərbi qalasının fəthindən sonra Hadrut növbəti mərhələlərdə əks hücum üçün çox gözəl platforma olacaq. Laçın və Şuşa istiqamətində bəzi hərbi əməliyyatların keçirilməsi baxımından Hadrut əvəzsiz bir yerdir.

Əks həmlə keçirən ordu bölmələrimiz Cəbrayıl və Füzuli kəndləri istiqamətində hərəkət etdiyi zaman bu ərazilər başlanğıcda düzənlik ərazilər idi. Hadrutun işğaldan azad olunması onu göstərir ki, Füzuli və Cəbrayılı atəş altında saxlayan qala, ehtiyat bölmələrinin cəmləşdiyi Hadrut və ətrafdakı taktiki yüksəkliklər ələ keçirildiyindən artıq ermənilər məcbur olacaq ki, orada cəmləşən bölmələrini dərinliklərə çəksinlər".