Ermənistan ordusunun S-300 hava hücumundan müdafiə sistemlərinin Xankəndidən şimalda yerləşən mövqe rayonları Azərbaycan ordusunun atəşi və zərbələri altına düşüb. Virtualaz.org xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatı Rusiya mənbələri də təsdiqləyir.

 

Avia.pro qeyd edir ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi kamikadze-dronun S-300 kompleksinin buraxılış qurğusuna zərbə endirdiyinə dair videokadrları paylaşıb. Lakin daha sonra məlum olub ki, Azərbaycan daha bir S-300 kompleksinə hücum edib. Həmin kompleks Xankəndidən şimalda yerləşir və həmin rayon Azərbaycan ordusunun uzaqvuran artilleriya-raket sistemlərinin atəşi altındadır.

Xankəndidən şimalda erməni ordusunun S-300 sistemlərinin mövqe rayonu yerləşir və orada kompleksin radiolokasiya qurğusu, habelə bir neçə mobil raket buraxılış qurğusu yerləşir. Bundan əlavə erməni ordusunun “Kruq” zenit-raket kompleksinin mövqe rayonları da orada yerləşir və istisna deyil ki, həmin qurğu da atəşə tutulur.

Həmin mənbə onu da yazır ki, ötən gün Azərbaycan ordusu Ermənistanın silahlanmasında yer alan ən müasir Rusiya radioelektron mübarizə sistemini də sıradan çıxarıb. Belə ki, erməni ordusunun mövqelərini qoruyan “Repellent” radioelektron mübarizə sistemi Azərbaycan ordusunun kamikadze-dronu tərəfindən sıradan çıxarılıb. Rusiyanın “NTS-REB” səhmdar cəmiyyətinin istehsal etdiyi “Repellent” kiçik PUA-ların siqnallarını pozmaq üçün nəzərdə tutulmuşdu, Azərbaycanın dron-kamikadzesi də bu sinifdəndir.

Lakin naməlum səbəbdən bu sistem Azərbaycan kamikadze-dronunu nəinki aşkar edə bilməyib, üstəlik həmin dron onun özünü məhv edib. Ehtimal edilir ki, kamikadze-dronu Azərbaycanın radioelektron mübarizə sistemi qoruyub və məhz bu səbəbdən “Repellent” onu aşkar edə və qarşıya qoyulan vəzifəni yerinə yetirə bilməyib.