İraq və Suriyada sabotaj təlimləri görən onlarla PKK terrorçusu Azərbaycanın işğal altındakı bölgəsində təlim keçəcək.
Bizimaz.az bildirir ki, BAKU.WS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, işğal bölgəsinə yerləşdirilən PKK-çılar erməni könüllülərdən ibarət dəstəyə sabotaj, hücum və partlayıcı maddələr hazırlamaq qaydalarını öyrədəcəklər.
İyul ayında Azərbaycanla sərhəddə, Tovuzda baş verən döyüşlərdən sonra Ermənistan Azərbaycana qarşı könüllülərdən ibarət bir dəstə qurub. Ölkənin Müdafiə Nazirliyi ağır silahlarla təmin edilməsi nəzərdə tutulan dəstə ilə bağlı hüquqi zəmin hazırlandığını açıqlayıb. İraq və Suriyadan göndərilən terrorçuların da məhz bu dəstəyə təlim keçəcəyi bildirilir.
"Yeni şafak"ın məlumatına görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Ermənistan ilə PKK arasındakı əlaqələrin uzun illərdir davam etdiyini bildirib. Onun sözlərinə görə, Fransa da bu işin tam mərkəzində dayanan qüvvədir. Hətta Fransada ermənilər və PKK üçün qurulan bir mərkəz də var. Əməkdaşlıq da məhz bu mərkəzdən idarə edilir.
İstanbul Azərbaycan Mədəniyyət evi dərnəyinin sədri Hikmet Elp də PKK-nın Qarabağda məskunlaşmağa cəhd etdiyini qeyd edib. "Ermənistanın qazancı ilə PKK həm bölgədə Azərbaycana qarşı savaşacaq, həm də Qarabağdakı könüllülərə təlim keçəcək. Terror təşkilatı bölgədə kök ataraq Türkiyəyə Ermənistan və bəlkə də Gürcüstan üzərindən yeni bir cəbhə açacaq".
Xatırladaq ki, avqust ayından etibarən terrorçular bir neçə qrup halında Suriyadan İranın Sabiş, Kirmanşah şəhərlərinə, oradan da Qarabağa keçməsi barədə məlumatlar yayılıb. İraqdakı kandil dağında olan terrorçular isə İranın Urmiya şəhərində bir neçə gün qaldıqdan sonra Ermənistana keçid ediblər. İraqın şimalındakı Mahmur düşərgəsində gözləmə mövqeyində olan terrorçuların üçüncü qrupu da bənzər istiqamət ilə Ermənistana aparılıb.