Ötən həftə Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi sahədə maliyyə əməkdaşlığı anlaşması” qüvvəyə minib. Bu anlaşmaya əsasən Türkiyə Azərbaycana 200 milyon TL məbləğində kredit xətti açır və Azərbaycan həmin pulla Türkiyədən hərbi texnika, silahlar ala bilər.
İctimai Televiziyanın hazırladığı reportajda Türkiyədən təhlükəsizlik və terrorla mübarizə eksperti Coşkun Başbuğ deyib ki, Azərbaycan qardaş ölkədən istədiyi silahı və texnikanı ala bilər. Amma inkişaf edən texnologiyaları, yeni müharibə metodlarını və regiondakı şərtləri nəzərə alaraq Azərbaycan Türkiyədən daha çox yeni döyüş sistemləri, o cümlədən pilotsuz döyüş təyyarələri, pilotsuz kəşfiyyat təyyarələri və “Atak” hücum vertolyotları ala bilər. Hərbi və strateji məsələlər üzrə ekspert Yusuf Alabarda isə Türkiyənin istehsal etdiyi silahlı və silahsız PUA-lar Dağlıq Qarabağda potensial döyüş əməliyyatlarında effektli olacaq. Çünki həm Suriyada, həm Liviyada Türkiyənin döyüş pilotsuz təyyarələri hərbi əməliyyatlar teatrında vəziyyəti Ankaranın xeyrinə dəyişdirə bilib.
Qeyd edək ki, Azərbaycanın Türkiyədən “Bayraktar” , “Akıncı” və digər pilotsuz aparatlar almasının gündəmdə olduğu barədə virtualaz.org hələ İdlibdə gedən döyüşlər zamanı yazıb. Həmin döyüşlər zamanı Türkiyənin sürü halında istifadə edilən zərbə dronları Bəşər Əsədin İdlibi tutmaq üçün hücum edən iri qoşun qruplaşmasını ciddi itkilərə məruz qoyub. Nəticədə Əsəd və ona dəstək verən Rusiya atəşkəsə razılaşıb. Liviyada isə Milli Birlik Hökumətinin qüvvələri qiyamçı feldmarşal Xəlifə Haftarın qüvvələrinə qarşı Türkiyənin “Bayraktar” döyüş pilotsuz aparatlarını tətbiq edərək onu ciddi itkilərə məruz qoyub. O cümlədən Haftarın Rusiyadan aldığı 10-dan çox “Pantsir” zenith-raket kompleksləri vurulub. Nəticədə Haftarın ordusu paytaxt Tripoli üzərinə hücumu dayandıraraq geri çəkilib.
Azərbaycan müdafiə naziri Zakir Həsənov mart ayında keçirdiyi xidməti müşavirədə İdlib döyüşlərinin təcrübəsinin öyrənildiyini və Türkiyədən yeni silahların alınması üçün iş getdiyini demişdi. Başqa sözlə, şübhəsizdir ki, tezliklə Türkiyə hərbi sənayesinin istehsalı olan və dünyanın aparıcı ölkələrini də təəcübləndirən, hədəfi yüksək dəqiqliklə vuran "ağıllı" raketlərlə təchiz olunmuş pilotsuz döyüş sistemləri Azərbaycan ordusunun silahlanmasında yer alacaq.(Virtualaz.org)