Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş və maliyyə yardımı haqqında protokol imzalanıb.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bunu fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin iki ölkə arasında hərbi əlaqələrə müsbət təsirini şərh edərkən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı qeyd edib.
Onun sözlərinə görə, bu sənədlərə əsasən, azərbaycanlı zabit və kursantlar Türkiyənin hərbi-təhsil müəssisələrində təhsil ala biləcək və bu ölkədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıracaq müasir silah-sursat və hərbi texnika ölkəmizə tədarük olunacaq:
“Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında bir çox sahəni əhatə edən mühüm sənədlərin imzalanması mərasimi keçirilib.
Xüsusilə hərbi və hərbi-maliyyə sahəsində əməkdaşlığa dair imzalanan müqavilələr iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına müsbət töhfə verəcək”.