Xəbər lenti



Məlum olduğu kimi, I Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək "Zəfər" altsistemi artıq fəaliyyətə başlayıb. Sistemin yaradılmasında məqsəd şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin, müharibə veteranlarına dair məlumatların qurumlar arasında mübadiləsi mexanizminin təkmilləşdirilməsidir.

Bəs sözügedən şəxslərlə bağlı məlumatlar sistemə necə daxil edilir? Bunun üçün sözügedən meyarlara cavab verən şəxslər hansı orqanlara müraciət etməlidirlər? “Zəfər” altsisteminə hər bir vətəndaşın girişi olacaqmı?

 Bu suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sistemə məlumatlar aidiyyəti qurumlar tərəfindən yerləşdirilir. Bunun üçün vətəndaşların hansısa quruma müraciətinə ehtiyac yoxdur. 

Nazirlikdən verilən məlumata görə, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışı təmin edilib: 

“Hazırda fəaliyyət göstərən “Zəfər” altsistemi qeyd edilən kateqoriyalara aid vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində aidiyyəti qurumlar tərəfindən daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsinə imkan verir. Məsələn, müvafiq qurumlar “Müharibə veteranı” adı verdikləri şəxslər barədə məlumatları “Zəfər” altsisteminə daxil edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə altsistemə daxil edilmiş bu məlumatlara istinadən həmin şəxslərə heç bir müraciətlərinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan, operativ şəkildə, elektron sistem üzərindən proaktiv qaydada Prezidentin aylıq təqaüdünü təyin edir”. 

Göründüyü kimi, sistem vətəndaşlar üçün açıq deyil, bura yalnız sözügedən dövlət qurumları giriş əldə edə bilirlər. Nazirlikdən həmçinin qeyd edildi ki, şəhid ailəsinin üzvü statusu almış şəxslər, müharibə əlilləri və müharibə veteranları özləri barədə məlumatları əldə etmək üçün isə e-sosial.az portalından faydalana bilərlər. 2019-cu ildən istifadəyə verilən, ölkənin sosial reyestri e-sosial.az portalı qeydiyyatdan keçdikdən sonra vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara çıxış imkanı yaradır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb. 

Gülnar Əliyeva



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə xidmət aparan hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Fevralın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub.
 
Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təmin edilib. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları, hamam-sanitar qovşağı, yeməkxana, tibb məntəqəsi mövcuddur.
 
Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirməsi üçün idman şəhərciyi salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib. Ərazi fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
 
Daha sonra müdafiə naziri avtomobil və döyüş texnikasının saxlandığı parka gəlib. Burada avtomobil və döyüş texnikasının saxlanma şəraiti ilə tanış olub, döyüş maşınları komandirlərinin məruzələrini dinləyib.
 
Müdafiə naziri hərbi hissənin şəxsi heyəti ilə də görüşüb. General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, o cümlədən hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarının dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
 
Döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını bir daha hərbi qulluqçuların diqqətinə çatdıran müdafiə naziri orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyini bildirib.
 
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkəmizin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən də danışıb.
 
Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.


Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.

 

Bildirilib ki, iclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin – Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri M.Məmmədovun və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru M.Əliyevin və həmin kafedranın müəllimi F.Əliyevanın rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir.

Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.

Həmçinin oxuyun: “Nəcməddin Sadıkovun dövlətə xəyanətdə ittiham edilərək tutulması üçün qərar verilmişdi”

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci maddəsinin I və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov