Bu ilin mart ayında Rusiyada təyyarədə xuliqanlıq edən azərbaycanlıya hökm oxunub.
“İnterfax”ın verdiyi xəbərə görə, martın 11-də Orenburq vilayətindən Moskvaya uçan təyyarə havaya qalxmağa başlayanda Azərbaycan vətəndaşı olan şəxs pilotlara, stüardessalara və sərnişinlərə qarşı aqressiv davranmağa başlayıb.
Buna görə də əsas pilot uçuşu dayandırıb və təyyarəni geri qaytarıb. Həmin sərnişin isə hava limanı polisinə təhvil verilib.
Bu zaman o, polisə müqavimət göstərib və onları təhqir edib.
Orenburq vilayət məhkəməsinin hökmü ilə üç maddə üzrə - xuliqanlıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və hakimiyyət nümayəndəsini ictimai yerdə təhqir etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı iki il bir ay müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə gedişatında bu işlə bağlı 40 şahid dindirilib və videogörüntülər əldə edilib.