Səhiyyə Nazirliyi İsmayılı rayonunda Kartof Festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
Bizimaz.az: Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.
"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib",- nazirlik bildirib.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən Kartof Festivalında qeydə alınıb. APA-nın məlumatına görə, festival iştirakçılarından İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.