Xəbər verdiyimiz kimi dünən Bakının Kürdəxanı qəsəbəsində dörd dost dənizdə çimərkən batıb. Bizimaz.az: Onlar 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balopba Babayevdir. Dünən axşam saatlarında B.Babayevin və Əli Cavadovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Digər iki gəncin meyitinin axtarışları isə davam etdirilir.
Moderator.az-ın əməkdaşı dənizdə batan gənclərlə bağlı yeni məlumatlar əldə edib. Qəsəbə sakinləri bildiriblər ki, B.Babayevin iyulun 26-da toyu olub. Qəsəbədə sadəcə adət belədir ki, birinci oğlanın toyu olur və sonra isə qızın. Qız toyundan sonra gəlin gətirirlər. Elə mərhum B.Babayev də nişanlısının toyundan sonra ailə həyatı quracaqmış. Bildirilir ki, B.Babayev evin tək oğlan övladıdır.
Hazırda meyitinin axtarışları gedən K.Hacıquliyev də avqusta toy edərək ailə həyatı quracaqmış. O, da evin tək oğlan övladıdır, bir bacısı var. Kamran bibisi qızına nişanlı olub. O, Zabrat qəsəbəsində plastik qapı-pəncərə sexində işləyib. Digər iki dost Ə.Cavadov və M.Əzizov ailəli olub. Gənclərin ailələri və qəsəbə sakinləri dünən axşam saatlarından çimərlikdə onların axtarışlarına görə səfərbər olublar.