5 gün əvvəl Şəmkir rayonunda yaşadığı mənzildə müəmmalı şəraitdə naməlum şəxs tərəfindən güllələnərək öldürülən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncədəki 2 saylı İstintaq Təcridxanasının əməkdaşı – 1990-cı il təvəllüdlü Məmmədov Kəramət Şükür oğlunun qatili hələ də tapılmayıb.
Bizimaz.az Publika.az -a istinadən xəbər verir ki, 3 gün əvvəl məlum cinayətlə bağlı K.Məmmədovun sonuncu dəfə telefon əlaqəsi yaratdığı bir neçə nəfər saxlanılaraq Şəmkir rayon Polis Şöbəsinə aparılıb. 1 gün davam edən dindirmələrdən sonra həmin şəxslərin hamısı dünən axşam sərbəst buraxılıb.
İlkin araşdırmalar zamanı o da məlum olub ki, təcridxana işçisini qətlə yetirən şəxs ərazini tərk edərkən buraxdığı izləri silməyə çalışıb. Güllələnmə zamanı ətrafda heç kimin səs eşitməməsi isə cinayətdə istifadə edilən silaha səsboğucunun quraşdırılmasını göstərir.
Qeyd edək ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. O, yaşadığı evin yataq otağındakı masanın yanında alnından güllələnərək öldürülüb. Otağa daxil olan qatilin çarpayının yanında duraraq yaxın məsafədən Kəramətin baş nahiyəsinə atəş açdığı bildirilir.
Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin direktor müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.
Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Ş.Məmmədov əvvəllər Beynəlxalq Bankın Şəmkir filialının müdiri olub.
Hazırda faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Qətlin kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi, qatilin tututlması istiqamətində iş aparılır.