Bakı şəhər Baş Polis İdarəsi paytaxtda kafedə baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.
İdarənin mətbuat xidmətinin yaydığı məlumata görə, aprelin 3-də saat 19:30 radələrində Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını, qayınatası Vəli Nəbiyev kafeyə dəvət edib.
Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.
E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də, V.Nəbiyevin qardaşı şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.
Binəqədi RPİ-də istintaq davam etdirilir.
11:14
Paytaxt kafelərindən birində qohumlar arasında düşən münaqişə zamanı pnevmatik silahdan atəş açılıb.
İnsident aprelin 3-də gecə saatlarında, Binəqədi rayonu ərazisində baş verib.
Bu barədə Oxu.Az-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Sərxoş vəziyyətdə olan qohumlar arasında yaşanan münaqişə nəticəsində iki nəfər – 37 yaşlı Elçin Nəbiyev və 44 yaşlı Vəli Nəbiyev yaralanıb.
E.Nəbiyev əlindən xəsarət alıb, V. Nəbiyev isə kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Aldıqları xəsarətlərin ağır olmadığı bildirilir.
Hazırda Binəqədi rayonu 4-cü Polis Bölməsinin əməkdaşları münaqişənin hansı şəraitdə baş verdiyini araşdırır. Pnevmatik tapança müsadirə olunub.