Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bizimaz.az :Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov məlumat verib.
E.Sultanov bildirib ki, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
Hazırda rayon prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, icra başçısı Rövşən İbrahimovun dəm qazından boğulduğu barədə məlumatı ilk olaraq Axar.az saytı yaymışdı. Mərhum icra başçısının qonşularının verdiyi məlumata görə, R.İbrahimov dəm qazından hamam otağında olan zaman boğulub.
Naftalan icra başçısının müavini isə R.İbrahimovun ürəktutmadan dünyasını dəyişdiyini mediaya açıqlamışdı. Ancaq başçının ürəyindən şikayət etdiyini təsdiqləyən olmamışdı.
Cinayət işinin açılmasına səbəb də icra başçısının dəm qazından zəhərlənməsi faktıdır.