Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri gerçəkləşdirdi.
bizimaz.az İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı sərəncamlarla ilə iqtidar komandasının bəzi üzvləri kənarda qaldı.
Baş nazir Artur Rasizadə təqaüdə göndərildi, onun yerinə Novruz Məmmədov gətirildi.
Baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov da vəzifələrini itirdilər.
Əvəzində Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini postuna aparıldı.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovvəzifəsindən uzaqlaşdırılaraq, yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edilib.
Kənd təsərrüfatı naziri vəzifəsindən azad edilən Heydər Əsədovun yerinə ASAN Xidmət-in sədri İnam Kərimov təyinat alıb.
Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrliyində sələfi Əli Həsənovu əvəzləyib.
Yeni təyinatlar bununla bitməyib. Ceyhun Bayramov təhsil naziri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov vəzifəsindən uzaqlaşdırılan Nazim İbrahimovunyerinə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Həmçinin, Səfər Mehdiyev vəzifəsindən azad edilən Aydın Əliyevin əvəzinə Dövlət Gömrük Komitəsinin sədriliyinə gətirilib.
Yeni yaradılan Dövlət Turizm Agentliyinin sədri isə Fuad Nağıyev olub. Milli Məclisin deputatı Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təyinat alaraq, sələfi Firudin Nəbiyevi əvəzləyib.
Daha sonra növbənin “əyalət padşahları”na çatacağı istisna edilmir. Söhbət rayon və şəhər icra hakimiyyətlərinin başçılarından gedir. İslahatların onlardan da yan keçməyəcəyi şübhəsizdir.
Bunun əyani sübutunu keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı hesab edilən Binəqədi rayonunun keçmiş icra başçısı Xaləddin İsgəndərovun və Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun vəzifədən uzaqlaşdırılmasında gördük.
Gözlənilən odur ki, təmsil etdiyi bölgədə “at oynadan”, insanları saymayan, varidatını artıran rayon və şəhər icra başçıları tutduqları vəzifədən azad ediləcək.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı modern.az-a danışıb.
Deputat ölkə başçısının kadr siyasətinin kifayət qədər praqmatik olduğunu qeyd edib:
“Bu baxımdan öz işini qura bilənlər fəaliyyətini davam etdirirlər, qura bilməyənlər isə vəzifədən uzaqlaşdırılırlar. Bu həm yüksək vəzifəli məmurlara, nazirlərə, komitə sədrlərinə aiddir. Eyni zamanda rayon və şəhər icra başçılarına da eyni münasibət ölkə başçısı tərəfindən sərgilənir”.
Fəzail Ağamalı bildirib ki, hökumətdə ciddi şəkildə həyata keçirilən kadr islahatları icra başçılarından da yan keçməyəcək:
“Həyata keçirilmiş olan bu siyasətin məntiqinə söykənsək belə nəticəyə gələ bilərik ki, ölkədə keçirilən son prezident seçkilərindən sonra Azərbaycan hökumətində ciddi şəkildə həyata keçirilən kadr islahatları icra başçılarından da yan keçməyəcək.
Etimadını itirən, xalqa xidmət etməyən, daha çox özünə xidmət edən, özünün varidatını artıran, təşəbbüslərə mane olan, sahibkarlığın inkişafına ciddi maneələr yaradanlar icra strukturlarından uzaqlaşdırılacaqlar . Onların yerinə daha müasir, ölkə başçısının müəyyən etmiş olduğu Yol Xəritəsinə uyğun olan insanlar təyin olunacaq. Buna heç bir şübhə yoxdur”.