Bakı Dövlət Universitetində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə təşkil olunan “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Kuveyt, Polşa, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 70-dək elm adamının qatıldığı üçgünlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Rektor, akademik Abel Məhərrəmov giriş nitqi ilə çıxış edərək, konfransın müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olması ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verib, həmin dövrün Azərbaycan tarixinin parlaq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğu fikrini səsləndirib. Qeyd edib ki,1918-ci il mayın 28-də qurulmuş, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Cümhuriyyətin tarixi xidmətləri haqqında məlumat verən rektor, 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsinə xüsusilə diqqət çəkib və universitetin AXC –nin oğul yadigarı olduğunu bildirib.
Plenar iclasda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı və ABŞ-ın Prinston universitetinin professoru Maykl Reynolds çıxış ediblər. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixi əhəmiyyət daşıyan və bu gün xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.
Çıxışlardan sonra BDU-nun tarixini əks etdirən film nümayiş olunub, tədbir bədii hissə ilə davam edib.
Sonra bölmə iclasları başlayıb. Konfransın bölmə iclaslarında 30-a yaxın ölkədən gəlmiş iştirakçılar tərəfindən 300-dən artıq elmi məruzə dinləniləcək.