ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış bəyannamədə qubernator qeyd edib:
“Kaliforniya ştatı adından müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olan və ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbaycanı təbrik etməkdən şərəf duyuram”.
E. Braun sənəddə Azərbaycanın qədim tarixə malik tolerantlıq ənənələrini, ölkəmizdə müsəlman, xristian və yəhudilər arasında dinlərarası harmoniyanı və onların sülh şəraitində birgəyaşayışını yüksək qiymətləndirdiyini vurğulayır.
Qubernator on minlərlə azərbaycanlının bu gün Kaliforniyada yaşayaraq, bu ştatın inkişafına və multikulturalizminə öz töhfələrini verdiyini diqqətə çatdırır.
O, həmçinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra öz azadlığını və müstəqilliyini gücləndirdiyini, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edir.
Sonda qubernator Azərbaycan xalqını bir daha bu tarixi gün münasibətilə təbrik edərək, Azərbaycana bundan sonra da uğurlar arzulayır.
Qeyd edək ki, 39 milyon əhalisi olan Kaliforniya ştatı əhali və iqtisadi gücünə görə ABŞ-ın ən böyük ştatıdır. 2.7 trilyon dollarlıq ÜDM-ə malik bu ştat ötən ay Böyük Britaniyanı qabaqlayaraq dünyanın ən güclü 5-ci iqtisadiyyatı olub. Bir milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən sıx yaşadığı yerlərdəndir.