Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da səfər etdiyi Naxçıvan Muxtar Respublikasından işğalçı Ermənistana ciddi xəbərdarlıqlar edib. “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər” deyən ölkə başçısının bu sözləri əslində Azərbaycana qarşı təhdid dili ilə danışmağa cəhd edən Paşinyan hökumətinə yerini bilməyə çağırış kimi də qəbul oluna bilər.
Axar.az Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanovun mözvu ilə bağlı Musavat.com-a müsahibəsini təqdim edir:
- Cənab polkovnik, dövlət başçısı bəyan etdi ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Söhbət hansı sistemlərdən gedir?
- Təbii ki, bu sistemlər var, Ali Baş Komandan da deyir. Amma hansı sistemlərdir, onların xüsusiyyətləri haqqında açıqlama vermək olmaz. Naxçıvanın coğrafi mövqeyi, strateji əməliyyatda rolu, Ermənistanın paytaxtından tutmuş, bütün digər ərazilərinin hədəfə alınması imkanları, əlbəttə, Azərbaycan üçün çox vacib amildir. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan işğalçı ölkə ilə üz-üzə dayanıb. Bu vəziyyətin yaranmasının da əsas baiskarı Ermənistandır. Nə qədər iddia olunsa da ki, işğal altındakı ərazilərdə “Qarabağın özünümüdafiə qüvvələridir”, hər kəs bunun belə olmadığını yaxşı bilir. Elə Ermənistanın Baş naziri Nikol Paşinyan da son çıxışlarında siyasi səhvə yol versə də, həqiqəti dilə gətirdi, dedi ki, Qarabağda Ermənistana məxsus hərbi hissə və birləşmələri var və bu mənada Ermənistanın işğalçı dövlət olduğunu etiraf etdi.
- Deməli, bundan sonra Azərbaycanın işğalçı Ermənistana qarşı cavab zərbələri də məntiqli olar, elə deyilmi?
- Əlbəttə. Bilirsiniz ki, indiyə qədər bu, deyilmirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev tarixi torpaqlarımızla bağlı bəyanat verdi. Bildirdi ki, bizim gələcək hədəfimiz o tarixi torpaqlara qayıtmaq və tarixi ədalətsizliyi aradan qaldırmaqdan ibarətdir. Azərbaycan prezidenti bunu Azərbaycanın haqqı olaraq səsləndirdi. Əlbəttə, bu, ilk növbədə düşmənə ismarışdır. Digər tərəfdən də əgər işğalçı dövlət Qarabağ məsələsində konstruktiv mövqe tutmasa, Azərbaycan silaha əl atmaq məcburiyyətində qalacaq. Bu gün demək olar ki, biz bu seçim qarşısındayıq. Bu gün Qarabağdan barıt qoxusu daha çox gəlməyə başlayıb. Yeni baş nazir də işğalçı mövqeyindən əl çəkməyəcəyi haqda bəyanat verib. Əgər Azərbaycan güc yolu ilə Qarabağ bölgəsini işğaldan azad etməli olsa, əminəm ki, qısa zamanda hədəfinə yetişəcək. Azərbaycan prezidentinin dediyi kimi, Azərbaycanla Ermənistanı təkbətək qoysalar, silahlı qüvvələrimiz qısa bir zamanda işğalçını darmadağın edib ərazi bütövlüyümüzün bərpasına nail olacaq. Təbii ki, tarixi ərazilərimizlə bağlı da addım atmaq haqqına malikik. Artıq prezident strateji tapşırığı verib. Qarşıya qoyulan tapşırıqları yerinə yetirmək baxımından Naxçıvanın mövqeyi, Əlahiddə Ümumqoşun Ordusunun imkanları, müasir silahlarla təchizi, Naxçıvanın döyüş aparma qabiliyyəti önəmli rol oynayacaq. Keçirilən irimiqyaslı hərbi təlimlərdə də Naxçıvandakı qoşunlarımız öz qabiliyyətini göstərib. Əlbəttə, Naxçıvan faktoru Azərbaycan üçün çox vacibdir.
- Qarabağdakı işğalçılara Naxçıvandan zərbə endirmək imkanlarımız nə qədərdir? Prezidentin xəbərdarlığı həm də ondan xəbər vermirmi ki, Qarabağın azadlığı uğrunda əməliyyatlar başlasa, Naxçıvandakı hərbi qüvvələrimiz də hərəkətə keçəcək?
- Təbii ki. İndi mən o tapşırıqları, planları açıqlamaq istəmirəm. Sadəcə, demək istəyirəm ki, Silahlı Qüvvələrin bir hissəsi olan Naxçıvandakı qoşun bölmələrimiz də təbii ki, müəyyən planlar, tapşırıqlar əsasında fəaliyyət göstərəcəklər.
- Belə demək mümkünsə, İrəvan Naxçıvandakı hərbi qüvvələrimizin “ovcu”nun içindədir...
- Bu məsələ bir-iki dəfə qalxıb və Ermənistan Naxçıvandan həddindən artıq çəkinir. Əgər Azərbaycanın digər ərazilərindən, xüsusilə də təmas xəttindən Ermənistanın sərhədinə qədər müəyyən məsafə varsa, Naxçıvan Ermənistanla birbaşa həmsərhəd bölgədir. Təqribən 70 km-likdə Ermənistan paytaxtı var. Müharibənin başlanğıcı bəlli olsa da, nə vaxt qurtaracağı bəlli olmur.
- Ermənilər vaxtaşırı Bakını vuracağı ilə hədələyirlər, avantürist mövqedən çıxış edirlər. Amma İrəvan Naxçıvandakı qüvvələrimizin birbaşa hədəfindədir.
- Bəli. Bu haqda mən də mətbuatda demişəm. İrəvandan Bakıya məsafə qat-qat uzaqdır, nəinki Naxçıvandan İrəvana, ona görə də ermənilər bu haqda düşünməlidirlər. Əslində düşünürlər də, çəkinirlər, qorxu içində yaşayırlar da. Naxçıvanda keçirilən hərbi paraddan sonra onlar özlərinə gəlməmişdilər, orda olan gücü, silah və texnikanı gördükdən sonra.