Xəbər lenti


Fəzail Ağamalı: “Əli Kərimli dövlətə qarşı ən eybəcər, qəbul edilməyən fikirlərdən, üsullardan istifadə edərək guya siyasi mübarizə aparır”

Bir neçə gün idi ki, bəzi müxalifət partiyalarının funksionerləri sosial şəbəkələrdə statuslar yazıb, canlı yayımlar edib prezidentin son bir həftədə ölkədə olmadığını, hətta bəziləri onun səhhətində problem yarandığını iddia edirdilər. Bu fikirləri xaricdə yaşayan mühacir müxalifəti də paylaşıb, ölkə ictimaiyyətində çaşqınlıq yaratmaq istəyirdi.

Prezident İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Yüksək səviyyədə görüş keçirildi və bu görüş ölkə mediasında da yayımlandı. Bununla da məlum kampaniyanı aparanlar əlverişsiz vəziyyətə düşdülər.

Əli Kərimli Sevinc Osmanqızı ilə canlı yayın etmək istəyən ərəfədə ölkə başçısının xarici qonaqla görüşü haqda xəbərin yayılması onları gülməli bəhanələr uydurmağa məcbur etdi. Adını da “Sevinc xanımın kompüterinə müdaxilə oldu” qoydular. Bunun texniki baxımdan mümkün olmadığı hər kəsə aydındı. Amerikada yaşayan bir jurnalistin kompüterinə müdaxilə Bakıdan necə həyata keçirilə bilər ki...

Deputat Fəzail Ağamalı bildirib ki, xaricdə yaşayan və özünü mühacir müxalifət elan edənlər, ən müxtəlif məsələlərdən istifadə edərək, Azərbaycan dövlətçiliyinə qarşı ciddi cəbhə açıblar:

“Onlar bir tərəfdən də xalqla hakimiyyət arasında etimadsızlıq toxumunu səpməyə çalışırlar. Bunun üçün ayrı-ayrı məmurları, tanınmış siyasətçiləri, dövlət başçısını və onun ailəsini hədəfə alırlar. Onların ünvanına böhtanlar, qərəzli fikirlər, tərbiyəsiz sözlər işlətməkdən belə çəkinmirlər. Başqa bir qanad isə Azərbaycanı inqilaba səsləyir. İnqilab vasitəsilə Azərbaycanda hakimiyyət dəyişikliyini önə çəkir. Beləliklə də, ölkədə xaos, anarxiya yaradaraq, Azərbaycanı vətəndaş müharibəsinin girdabına salmağa çalışır. Əldə etdiyimiz bütün uğurların üzərindən xətt çəkməyə cəhdlər göstərirlər. Eyni zamanda həm də ölkə prezidentinin səhhəti ilə bağlı həqiqətə uyğun gəlməyən şayiələr yaydılar. Bu cür şayiələrlə Azərbaycanda xaotik psixoloji durum yaratmağa cəhd göstərdilər. Nəticə etibarilə demək olar ki, bu adamlar Ermənistanın maraqlarına xidmət göstərirlər. Bunların içərisində xüsusi yer alanlar Əli Kərimli və onun dəstəsidir. Əli Kərimli bütün imkanları ilə Azərbaycan dövlətçiliyinə qarşı ən eybəcər, qəbul edilməyən fikirlərdən, üsullardan istifadə edir. Guya siyasi mübarizə aparır. Bu, müxalifətçilik deyil, Azərbaycan dövlətçiliyinə qarşı xəyanətdir. Bu cür müxalifətçilik dünyanın heç bir yerində yoxdur. Başqa ölkələrdə buna bənzər müxalifətin öz ölkələrinə gətirmiş olduqları faciələr göz önündədir. Onlar Azərbaycanı məhz xaosa, anarxiyaya çevirib, tökülən qanlar üzərindən hakimiyyətə gəlməyə çalışırlar”.

Deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

 

Deputat Fəzail Ağamalı

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov