Son günlər Azərbaycanda rəsmi qəzetlərlə bağlı geniş müzakirələr gedir. Bəziləri bu qəzetlərin lazım olmadığını deyir, digərləri isə ümumiyyətlə ləğvini təklif edir.
Bizimaz.az: Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
O, bu cür qəzetlərin mövcudluğunun vacib olduğunu deyib:
"Türkiyədə, ABŞ-da və s. ölkələrin rəsmi siyasətini ictimaiyyətə çatdıran KİV var. Bu cür qəzetlər mütləq olmalıdır. Amma bunların sayları nə qədər ola bilər? Bu, başqa məsələdir.
Prezident Administrasiyasının, ayrı-ayrı təşkilatların, rəsmi qurumların qəzetləri də var. Dünya təcrübəsinə istinad etsək, deyə bilərik ki, Azərbaycanda rəsmi qəzet olmalıdır. Dövlətin siyasətini, qəbul olunan sənədləri, ümumiyyətlə ayrı-ayrı qurumların fəaliyyəti ilə bağlı ictimaiyyəti rəsmi qəzetlər məlumatlandırmalıdır".
MŞ sədri Azərbaycanda ayrı-ayrı dövlət qurumlarının, nazirliklərin, komitələrin pul xərcləyib qəzet və jurnal buraxmasına təəssüfləndiyini deyib:
"Bu tipli qəzetlərin nə dərəcədə effektiv olması müzakirə edilməlidir: ayrı-ayrı komitəyə, struktura, nazirliyə qəzet lazımdır, yoxsa yox?! Çox təəssüf ki, Azərbaycanda ayrı-ayrı dövlət qurumlarının nəşrləri var və həmin dövlət qurumları öz fəaliyyətləri ilə bağlı məlumatları həmin nəşrlərdə yerləşdirirlər. Bu cür qəzetlərin tirajları nə qədər olur, bu məlumatlar geniş kütləyə çata bilirmi? Bununla bağlı müzakirə aparmaq olar".
Ə.Amaşov bu tipli nəşrlərin reklam bazarına mənfi təsir göstərdiyinə diqqət çəkib:
"Beləcə ölkədə reklam bazarı məhdudlaşır. Əgər qurum reklamla bağlı müəyyən büdcə ayırırsa, öz fəaliyyəti ilə bağlı məlumatları qəzetlərdə yaymır, ona sərf etmir və özünün nəşrini yaradır, bununla da həmin qurum özü ilə bağlı məlumatların ölkə ictimaiyyətinə geniş yayılmasının qarşısını alır. Sonda da bundan ayrı-ayrı qəzetlər maddi əziyyət çəkir".
Mətbuat Şurasının sədri bölgələrdə çap olunan qəzetlərlə bağlı problemlərin mövcud olduğunu vurğulayıb:
"Bölgələrdə işıq üzü görən qəzetlərin xeyli hissəsi icra hakimiyyətlərinin orqanıdır, bu və ya digər mənada onlarla bağlıdır. Ayrılan sərmayələr nə dərəcədə səmərəli xərclənir? Bu kimi məsələlərdə problemlər yaranır. Bu da medianın müstəqil inkişafına mənfi təsir göstərir".
Qeyd edək ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklərlə bağlı deputatlar arasında narazılıq yaranıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan” qəzetində başsağlığı tipli yazıların qadağan olunacağını deyib.
Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə hakim partiyanın icra katibinin müavininin dediklərinə sərt reaksiya verib. O bildirib ki, başsağlığı yazıları qəzetin əsas gəlir mənbələrindən biridir, bu yazılar olmasa, qəzetin əməkdaşlarına maaş vermək olmaz.