“Bunun həm psixoloji, həm sosioloji, həm də siyasi əhəmiyyəti var”
Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi barədə qərarı sentyabrın birindən qüvvəyə mindi. Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur.
Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycanın müvafiq qanunları ilə tənzimlənir.
Qeyd edək ki, əvvəl bu addımı Türkiyə tərəfi atmışdı və illərdir Azərbaycanın nə üçün belə bir qərar qəbul etməməsi müzakirə edilirdi. Ekspertlər rəsmi Bakının bu addımını yüksək dəyərləndirir, siyasi, iqtisadi yöndə Azərbaycana bunun ciddi töhfələrinin olacağını vurğulayılar. Eyni zamanda türk iş adamları tərəfindən ölkəmizə investisiya yatırımlarının kəskin şəkildə artırılacağı bildirilir. Turistlərin sayında da ciddi artımların olacağı istisna edilmir.
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında Azərbaycan tərəfin qərarına bu cür şərh verdi: “Bunu gecikmiş qərar adlandırmaq olmaz. Subyektiv baxışıma əsasən bunu deyirəm. Azərbaycanla Türkiyə bilirik ki, bir-birinə çox yaxın ölkələrdir, doğma məmləkətlərdir. Amma hər bir dövlətin geosiyasi maraqları, təhlükəsizlik spektrində tələbləri və standartları var. Məsələn, Türkiyənin özünə məqbul saya bildiklərini Rusiya, İran və Suriya saya bilməz. Türkiyə ilə münasibətlərimizin yaxın olması heç də ona dəlalət etmir ki, kortəbii şəkildə hərəkət edək. Türkiyə viza məsələsini əvvəlcədən həll etdi. Çünki bilirdi ki, Azərbaycan ona doğma ölkədir, Azərbaycan vətəndaşları xoş niyyətlə qonşu ölkələrə gedirlər. Burada işgüzar da, şəxsi məsələlər də ola bilər. Amma Azərbaycan bu məsələdə tələskənliyə yol vermirdi, çünki əvvəlcədən riskləri, təhdidləri, ortaya çıxa biləcək problemləri nəzərə alırdı. Türkiyənin müstəqillik tarixi bir əsrə yaxındır. Amma Azərbaycan 30 ilə yaxındır müstəqildir. Bu baxımdan imkanlarımız, ölkənin daxilində, bölgədə olan vəziyyətlə bağlı götür-qoy etməkdə ciddi olmalı idi. Çünki biz müharibə dövründə yaşayan məmləkətik. Erməni təcavüzü hələ də davam edir. İstənilən ətrafdakı dövlətdən müxtəlif adamların hamısı heç də xoş niyyətlə Azərbaycana gəlmirlər. Təbii ki, beynəlxalq təcrübədə belə şeylər qəbul olunandır. Təhlükəsizlik orqanlarımız bu məsələlərin hamısını ciddi şəkildə nəzərdən keçirir, diqqətdə saxlayır. Bütün məsələləri nəzərdən keçirdikdən sonra belə qərara gəldik ki, biz də Türkiyəyə adekvat cavab verməliyik. Onu da deyim ki, ilk növbədə bu, iki tərəfin bir-birinə yüksək etimadının mövcudluğundan xəbər verir. Yenə deyirəm, bu məsələdə Türkiyə bizdən əvvəl hərəkət etdi, çünki imkanları, bu sahədəki təcrübəsi bizdən daha çox idi. Azərbaycan da söz vermişdi və sözünə indi əməl etdi. Bu qərarın işgüzar müstəvidə ölkəmizə çox böyük xeyri var. Avropa İttifaqı Azərbaycan üçün viza rejimini yüngülləşdirəcək. Belə qərarlar işgüzar adamlar üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan hesab edirəm ki, Türkiyə vətəndaşlarının Azərbaycana vizasız, maneəsiz, adi bir vəziyyətdə belə gedib-gəlməsi problemləri xeyli yüngülləşdirir. Həmçinin işgüzar ideyaların həyata keçməsi üçün də münasib bir şərait yaradır. Bu qərarın ancaq müsbət tərəflərindən danışmaq olar. Türkiyə bizim üçün olduqca yaxın dövlətdir. Bizim xeyli sayda şəxsi biznes, özəl sektor tərəfindən tətbiq edilmiş planlarımız, layihələrimiz, proqramlarımız var. Unutmaq olmaz ki, iri infrastruktur layihələrinin ətrafında xeyli sayda servis xidmətləri, şirkətləri var. Onlar üçün də gediş-gəlişin yüngülləşdirilməsi çox vacibdir”.
İqtisadçı ekspert Natiq Cəfərli viza rejimi qərarının Azərbaycana gətirəcəyi üstünlükləri sadaladı: “Qardaş ölkə sayılan bu dövlətlə viza rejiminin qalması kifayət qədər suallar doğururdu. Türkiyədə səfərdə olarkən ən çox qarşılaşdığımız suallar bu idi. Gecikmiş olsa da, sonunda bu doğru qərar verildi. Bunun həm psixoloji, həm sosioloji, həm də siyasi əhəmiyyəti var. Təbii ki, bunun iqtisadi təsirləri də olacaq. Təxminən 10 il olar ki, Gürcüstan Türkiyəyə viza rejimini ləğv edib və artıq son iki ildə xarici pasport olmadan belə Gürcüstana türk vətəndaşları gələ bilirlər, şəxsiyyəti təsdiq edən sənəd kifayət edir. Bu ona gətirib çıxardı ki, Azərbaycana bu gün Türkiyədən gələn turistlərlə Gürcüstana gedənlər arasında iki dəfədən çox fərq var. Yəni Gürcüstana iki dəfə çox Azərbaycanla müqayisədə türk vətəndaşı gəlir. Vizaların ləğvi Azərbaycanla bağlı mühüm amilə çevriləcək. Turizm axınının artması nöqteyi-nəzərdən proseslərə kifayət qədər təsir göstərəcək. Türkiyə tərəfdə bu məsələ kifayət qədər mediada gündəm oldu. Türk vətəndaşlarına bu xəbər çatdırıldı ki, Azərbaycana azı bir ay müddətində vizasız getmək mümkündür.
Bu da turist axınına kifayət qədər imkan verəcək. Viza rejimi iş adamları üçün də müəyyən problemlər yaradırdı. Hər dəfə Azərbaycana gələndə viza məsələsi ilə məşğul olmaq, bunun müzakirəsini etmək, sənədləşmə işləri aparmaq çox vaxt bu fikirdən vaz keçməyə səbəb olurdu. Doğrudur, viza şərtləri xeyli asanlaşmışdı. Amma maneələri çox qalırdı. İndi isə çox asan vəziyyət yaranır. Ölkəmizdə türk vətəndaşlarının iş axtarma imkanları da xeyli çoxalır. Düşünürəm ki, bu, uğurlu nəticələr versə, bir müddətdən sonra müddətin artırılması məsələsi də gündəmə gələ bilər. Yəni bir neçə aydan sonra 30 günün 90 günə qədər artırılması məsələsi gündəmə gələ bilər. Əminəm ki, məlum qərarın kifayət qədər müsbət nəticələri olacaq. Bunu görən Azərbaycanın hökumət nümayəndələri, qərar verən şəxslər müddətin uzadılması barədə gələcəkdə qərar verə bilərlər. Bütün istiqamətlər üzrə kifayət qədər uğurlu, nəticə verə biləcək bir qərar oldu”. (“Yeni Müsavat”)