Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmətə çağırılmış 350 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilib, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.
Tədbirdə çıxış edən Mühafizə Alayının komandiri vəzifəsini icra edən ədliyyə mayoru Rauf Əsədov gənc əsgərlərə Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun təbriklərini çatdırıb və onlara vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə edib.
Çıxış edən əsgərlər və valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını bildiriblər.
Sonra şəxsi heyətin marş sədaları altında təntənəli hərbi keçidi izlənilib.
Sonda Mühafizə Alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirib.