Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.
Bizimaz.az xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı ildə Rusiyanın Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub.
O, Azərbaycan Tibb İnstitutunu bitirib. Bir müddət həkim işləsə də, jurnalistikaya daha çox həvəs göstərib. 1990-cı ildə baş verən qanlı yanvar hadisələri zamanı Sovet ordusunun törətdiyi bütün cinayətləri lentə alıb, unikal kadrlar yaradıb və bundan sonra həyatını tamamilə telejurnalistika sənətinə bağlayıb.
Ç.Mustafayev Azərbaycan televiziyası tarixində yenilikçi, cəsur, operativ xəttin bünövrəsini qoyanlardan, “215KL” studiyasının yaradıcılarından biri, Azərbaycan hərbi telejurnalistikasının parlaq nümayəndəsi olub.
Milli Qəhrəman Qarabağ müharibəsinin ilkin dövrünün video xronikasını yaradıb, həm də könüllülərin cəbhəyə getmələrinin ilk təşkilatçılarından, ilk çağırış edən və ilk döyüşə gedənlərdən biri kimi tanınır. O həm peşə silahı olan kamerası, həm də həqiqi silahı ilə döyüşlərdə iştirak edib.
Ç.Mustafayev 1992-ci il iyunun 15-də Naxçıvanik kəndi yaxınlığındakı ağır döyüşdə həlak olub, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.