Xəbər lenti



 

2019-2020-ci tədris ili üçün direktor vəzifəsi üzrə kifayət qədər vakant yerə peşəkar və səriştəli direktorlar təyin edəcəyik.

 

Bizimaz.az: bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə, gənc müəllim və direktorların sayı artıb: 

"Amma ümumilikdə götürsək, orta yaşlı namizədlər çoxluq təşkil edir. Direktor olmaq üçün mövcud qanunvericiliyə əsasən, namizədin beş il pedaqoji stajı olmalıdır və bununla bağlı bir çox namizəd, hətta stajı az olan namizədlər də müraciət edib.

Biz onların elektron ərizəsinə imtina vermişik. Ümumilikdə müsabiqələrə qatılan şəxslər artıq stajlı, təcrübəli namizədlərdir. Təhsil Nazirliyinə direktor olmaq istəyən 3403 namizəd elektron qaydada müraciət edib. Müraciət edənlərdən 1800-ə yaxın namizəd müsabiqənin test imtahan mərhələsində iştirak edib. Bu, əvvəlki illərin statistik rəqəmlərinə görə daha çoxdur".

Şöbə müdiri qeyd edib ki, test imtahanında iştirak edən namizədlərdən təxminən 800 nəfərə yaxını müvafiq keçid balını toplayıb.

"Keçid balını toplayan bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun müsahibə mərhələsinə dəvət olunacaq. Hazırda bizdə vakant yerlərin çoxluq təşkil etdiyi şəhər və rayonlar var ki, ilk olaraq onlardan başlamışıq.

Ötən həftə artıq 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin son üç günü ərzində də müsahibələr təşkil olunacaq.

Müsahibə mərhələsindən bütün iştirakçılar keçmir, hətta bəzən keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə, lazımi səviyyədə göstərə bilmirlər, onlarla bağlı, təbii ki, qərar mənfi olur.

İldən-ilə dəyişən odur ki, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıq əvvəlki illərlə müqayisədə, daha qaneedicidir. Artıq nazirlik tərəfindən ancaq yekun, müsahibə mərhələsi təşkil olunur. Sadəcə olaraq, namizəd sayının çox olduğu nəzərə alınaraq, bunu mərhələli şəkildə həyata keçiririk.

Dediyim kimi, ilkin olaraq vakant yerlərin daha çox olduğu şəhər və rayonlardan başlayırıq. Çünki onlarda daha zəruridir ki, yeni tədris ilindən o məktəblərə direktorlar təyin olunsun", - deyə nazirlik rəsmisi qeyd edib.

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov