Avqustun 27-dən 9 illik bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlanacaq.
Bizimaz.az: Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 27-dən sentyabrın 2-dək aparılacaq.
Orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olub (I mərhələdə) qeydiyyatdan keçməyən abituriyentlər, həmçinin müsabiqə şərtlərini ödəyən, lakin iyulun 24-dən avqustun 5-dək aparılan ixtisas seçimində iştirak etməyənlər də boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2019-cu il avqustun 27-dən sentyabrın 2-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
istinad