Dünən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin tüstüdən zəhərlənən 7 əməkdaşı evə buraxılıb.
Bizimaz.az: Bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.
Bildirib ki, onların vəziyyəti xəstəxanaya aparılarkən belə ağır olmayıb:
“Vəziyyətləri qənaətbəxş olduğu üçün müayinədən sonra evə buraxıldılar. Elə də ciddi xəsarətləri yox idi”.
Səhiyyə Nazirliyindən isə saytımıza bildirilib ki, baş verən yanğın zamanı təcili yardıma müraciət edənlərin sayı 16 nəfər olub.
Onlardan 6 nəfərə yerində yardım edilib:
“Daha 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. 10 nəfərdən biri yanğın baş verən “Sədərək” ticarət mərkəzinin əməkdaşı, digərləri isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları olub. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar”.
Qeyd edək ki, dünən “Sədərək” Ticarət Mərkəzindəki yanğın baş verib. Yanğın zamanı müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahə yanıb. Qısa müddətdə yanğın tam söndürülüb.(oxu.az)