Tatarıstanın xalq şairi, Tatarıstan Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər komitəsinin rəhbəri, Dövlət Mükafatı laureatı, ictimai xadim Razil Vəliyev millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Bakıya gəlib.
Bizimaz.az: Kult.az xəbər verir ki, R.Vəliyev və xanımı, millət vəkili Q.Paşayeva, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Tatarıstanın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov və təşkilatçı qurumların mənsublarının müşayiəti ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Fəxri Xiyabanda dəfn olunan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti barədə qonağa bilgi verilib.
Şəhidlər Xiyabanını ziyarət edən Tatarıstanın xalq şairinə 1990-cı ilin 20 yanvarında yaşananlardan, xalqın azadlıq mübarizəsindən bəhs edilib.
R.Vəliyev səfər çərçivəsində Milli Məclisin Elm-təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli ilə görüşüb. O, Azərbaycan Milli Məclisinin tarixində Tatarıstan parlamentinin komitə sədrinin ilk dəfə qəbul edildiyini söyləyib. İ.Həbibbəyli tatar həmkarının Azərbaycana səfərini əlamətdar hadisə adlandırıb, qardaş xalqların elm-təhsil, mədəniyyət, o cümlədən parlametlərarası əməkdaşlığında yeni səhifə açılacağına ümid etdiyini bildirib.
R.Vəliyev daha sonra İ.Həbibbəyliyə Tatarıstan parlamentinin xatirə hədiyyəsini, Q.Paşayevaya Tatarıstan parlamentinin yubiley medalını təqdim edib. İ.Həbibbəyli də öz nöbəsində R.Vəliyevə, A.Zakirova və digər qonaqlara qiymətli kitablar hədiyyə edib.
Qeyd edək ki, bu gün saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda R.Vəliyevin bu il Bakıda işıq üzü görmüş “Payız yağmurları” kitabının təqdimatı keçiriləcək.