Tatarıstanın xalq şairi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı, görkəmli dövlət və ictimai xadim Razil Vəliyev millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Azərbaycana gələcək.
Kult.az xəbər verir ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (ABAİ İB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutacaq səfərdə R.Vəliyev və xanımı, onları müşayiət edəcək rəsmi şəxslər Azərbaycan yazarlarının müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərə baş çəkəcək, şəhərin görməli yerləri ilə tanış olacaq.
31 iyul saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda R.Vəliyevin bu il Bakıda çıxmış “Payız yağmurları” kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimatda millət vəkillərinin, türkoloqların, şair və yazıçıların, QHT və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Avqustun 1-də saat 14:00-da isə “Payız yağmurları”nın Sumqayıt Poeziya Evində “İmza günü” keçiriləcək.
Qardaş ölkənin xalq şairinin bir sıra dövlət və qeyri-hökumət qurumlarında, o cümlədən Milli Məclisdə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda, Nizami adına Ədəbiyyat Muzeyində, Tatarıstan Respublikasının Azərbaycandakı nümayəndəliyində də görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, “Payız yağmurları” Razil Vəliyevin Azərbaycanda çıxan ilk kitabıdır. Kitabda şeirlər iki dildə (Azərbaycanca və tatarca) verilib. Kitabın məsləhətçiləri millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkilləri Cavanşir Feyziyev və Qənirə Paşayevadır.