Bu həftə, xüsusən də onun birinci yarısı Ermənistan üçün böyük gərginlik vəd edir. Məhz bu günlərdə Ermənistan cəmiyyətinin qətiyyəti və əzmi Rusiyanın təzyiqlərilə qarşılaşacaq.
Bəli, Ermənistandakı son hadisələrin ilk günlərində Rusiyada bir çaşqınlıq duyulsa da bunu sonrakı günlər haqqında demək olmurdu – Kreml sanki qəfil yuxudan ayıldı və prosesləri nəzarətə götürmək üçün sistemli iş aparmağa başladı.
Bir daha deyirik ki, bəli, əvvəlcə hətta Rusiya rəsmilərinin də davranışında bir şok duyulurdu; adi bir deputat və çantası çiyinlərindən düşüməyən, geyimi-keçimi rəsmilikdən tamamilə uzaq olan bir jurnalist Dağlıq Qarabağ kriminal hərbi-siyasi klanının kifayət qədər qəddar təmsilçilərindən birini, özünü qanlı-qadalı müharibə “qəhrəman”ı, hətta “general” adlandıran birisini hakimiyyətdən devirmişdi...
Düşünürük, Kremlin reaksiyasının geçikməsinin bir başqa səbəbi də vardı: ehtiyat variant kimi Karen Karapetyan nəzərdə tutulurdu. Amma bəlli olanda ki, Karen Karapetyanın şansları o qədər də böyük deyil və bu adamı hətta öz partiyasının üzvlərinin çoxu dəstəkləmir, xüsusən də daşnaklar hakim siyasi koalisiyadan çıxandan, “Çiçəklənən Ermənistan” bloku, hətta Dağlıq Qarabağdan gətirilmiş hərbi hissələr də etirazçıların tərəfinə keçməyə başlayandan sonra V.Putin anladı ki, Ermənistanda çox ciddi proseslər gedir. Bunun ardınca Kremlin reaksiyası başladı; xarici işlər naziri S.Lavrov sevimlisi E.Nalbandyanı Moskvaya çağırdı, zənglər və məsləhətləşmələr başladı, bir qrup rusiyalı deputat İrəvana gəldi.
İndi vəziyyət bu nöqtədə dayanıb və bu gün parlamentdə baş verəcək proseslərdən çox şey asılı olacaq. İstənilən realist və praqmatik siyasətçi Karapetyanın yerində olsaydı, lap əvvəldən tam başqa cür hərəkət edərdi. Amma prezident Armen Sarkisyandan, hətta devrilmiş Serj Sarkisyandan fərqli olaraq, bu adam N.Paşinyanla görüşdən də imtina etdi.
Görünür, o da nəyəsə, daha doğrusu, Kremlə arxayın idi. Çünki Vladimir Putin israr edirdi ki, proseslər nəinki konstitusiyaya, həm də mövcud siyasi sxemə, yəni parlamentdəki reallığa və ən son seçkilərin nəticələrinə uyğun həll olunmalıdır. Bu isə o deməkdir ki, yeni baş nazir parlamentdəki çoxluğun və Kremlin dəstək verdiyi adam olmalıdır.
Məzh bu səbəbdən N.Paşinyan da məcbur olub, bir neçə geosiyasi xarakterli bəyanatlar verdi, Kremli əmin etməyə çalışdı ki, Ermənistan özünün geosiyasi oriyentasiyasını dəyişməyəcək. KTMT ilə, Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığını davam etdirəcək. Amma bunlar Kremlin ambisiyalarını qane etmək gücündədirmi? Bir də o var ki, Paşinyanın bu bəyanatları verməsi hələ o demək deyil ki, hakimiyyətə gələrsə, bu vədlərə əməl edəcək. Əks təqdirdə, bir suala cavab vermək çox çətin olar: Ermənistan vassal dövlət kimi qalacaqsa, Qarabağla bağlı indiyə qədər aparılan siyasət davam edəcəksə, onda Sarkisyanı devirməyin nə mənası vardı? Lap tutaq ki, Sarkisyan fırıldaqla hakimiyyətini uzatmaq istədiyinə görə devrildi. Bəs Karapetyanın, hətta bütün hakim partiyanın qarşısına səd çəkməyin nə mənası vardı?..
Kremllə bağlı problemə gəldikdə isə düşünürük ki, Moskva heç vaxt razı olamaz ki, hakimiyyətdə öz gücü ilə hakimiyyətə gəldiyini düşünən adam otursun. Çünki bu halda minnətdarlıq olmayacaq – İrəvanda isə elə adam hakimiyyət kürsüsündə oturmalıdır ki, o, ilk növbədə Moskvaya minnətdar olsun.
Amma Kremlin də imkanları sonsuz deyil. Sözsüz ki, etiraz aksiyalarından çəkilişlərdə bir rejissor yönəltməsi də var –onlar kameranı həmişə elə yönəldirlər ki, etirazlar daha möhtəşəm görünsün. Amma ən müxtəlif mənbələrin çəkilişlərindən görünür ki, Ermənistanda çox ciddi proseslər gedir və insanların böyük hissəsi həqiqətən də Nikol Paşinyana dəstək verirlər.
Elə bu səbəbdən bir daha deyirik ki, Kremlin imkanları hüdudsuz deyil və bu günün İrəvanı 90-cı ilin Bakısı deyil ki, tankları şəhərə yönəldərək etirazları qan içində boğasan. Həm də etirazçılar aksiyaların coğrafiyasına da diqqət edirlər, digər bölgələrdə də etirazlar keçirilir və Paşinyan özü də bu etirazlarda iştirak edir.
Eləcə də Qərbdəki çox güclü erməni diasporunu və yaxud lobbisini unutmaq lazım deyil. Kreml zorakı varianta əl atarsa, onlar dərhal buna reaksiya verəcəklər. Düşünürük ki, indiki vaxtda Kremlə ikinci Ukrayna gərək deyil. Elə ola bilər ki, Rusiya hələki nala-mıxa vuran D.Trampla bağlı ümidlərini də dəfn edə bilər...
Ancaq o da var ki, Rusiyanın hərəkətlərində həmişə rasionallıqdan və praqmatizmdən savayı hər şey olur. Mümkündür, bu dəfə də belə olsun. Çünki Kremllə Dağlıq Qarabağ hərbi-siyasi klanını bir cinayət ortaqlığı da birləşdirir və bunlar artıq bir neçə dəfə Ermənistnadakı prosesləri öz bildikləri kimi korrektə ediblər.
Amma nəsə bir neçə dəfə alınıbsa, bu, o demək deyil ki, həmişə alınacaq və həmişə belə olacaq. Siyasi-ictimai proseslərin qəlizliyi, indeterminizmi də elə bundadır ki, bir də görürsən, hər şey tərsinə alınır – düşünürsən ki, bu dəfə də həmişəki kimi olacaqdır, lakin tərsinə olur...
Görünür, son anda Karapetyan da, hakim partiyanın qalıqları da bunu nəzərə aldılar. Ötən həftənin sonunda xəbər gəldi ki, hakim partiya daha baş nazir postuna namizəd irəli sürmək fikrindən vaz keçir.
Heç sözsüz ki, bu, Paşinyanın şanslarını bir daha artırdı. Həm də deyildi ki, o, rusiyalı deputatlarla görüşübdür və yəqin ki, onları inandıra bilibdir.
Elə bu səbəbdən də düşünürük ki, artıq N.Paşinyanın hakimiyyətə doğru yolunun üstündə elə bir maneə qalmayıb – təbii ki, əgər Kreml də bununla birdəfəlik barışıbsa...