Azərbaycan Respublikasının Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev istintaq qrupu ilə birlikdə Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı əraziyə gedib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb.
Hazırda Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisinin rəhbərlik etdiyi qrup tərəfindən hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası intensiv davam etdirilir.
Bildirilir ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcəkdir.