Sualların yoxlanılması zamanı ekspertlər, ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində doqquz sualda texniki qüsur müəyyən ediblər. Bu suallar ümumi sualların 0,54 faizini təşkil edib.
Bizimaz.az: bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə müəllimlərin işə qəbulunun nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsur izah olunacaq:
“Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (beş sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (bir sual) və digər (səkkiz sual) hallar nəzərdə tutulur”.
“İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdısa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq.
Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsur izah olunacaq”, - deyə nazirlik rəsmisi qeyd edib.
Murad Camalzadə əlavə edib ki, yekun nəticələr sabahdan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək:
“İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apellyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-a qədər qeydiyyata alınacaq.
Müraciətlərin nəticələri avqustun 6-a qədər şəxsi səhifəyə göndəriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. Bu il müsabiqəyə ilkin olaraq təxminən yeddi min vakant iş yerinin çıxarılması gözlənilir”.
İstinad