Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə “Muğam ocağı” restoranında bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib.
Bizimaz.az: Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz, eləcə də Qarabağda öz peşə borcunu yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Məclisin deptutatı, Avrasiya Beynəlxalaq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara çətin və məsuliyyətli işlərində nailiyyətlər arzu edib. O bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin maarifləndirici missiyası və mətbuat tarixində oynadığı yol bu gün də ehtiramla xatırlanır.
Cəmiyyətin informasiya əldə etməsində mətbuat və media nümayəndələrinin işini yüksək qiymətləndirən millət vəkili bir zamanlar özünün də jurnalist fəaliyyəti ilə məşğul olduğunu xatırladıb. O bildirib ki, jurnalist kimi fəaliyyət göstərdiyi illər onun həyatında ən xoş xatirələrlə yadda qalıb:
“Çox xoşbəxtəm ki, televiziyada çalışmağım həm də mənə sizin kimi dostlar, həmkarlar qazandırdı. Bu gün jurnalistlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rolu var. Biz inanırıq ki, belə gözəl tədbirləri sizinlə birgə Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz bölgələrimizdə də keçirəcəyik”.
Q.Paşayeva qələm sahiblərinin üzərinə düşən əsas vəzifənin Zərdabi maarifləndirici ideyalarını təbliğ etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan ibarət olduğunu bildirib.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova müxtəlif media orqanlarında fəaliyyət göstərən qələm sahiblərini bir arada görməkdən məmnun olduğunu dilə gətirib. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafında və bu sahədə baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, eləcə də RHİM İctimai Birliyinin fəaliyyətinin işıqlandırılmasında jurnalistlərin rolu və əməyi danılmazdır.
Milli Məclisin deputatı,"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxış edərək jurnalistləri peşə bayramı münasibəti ilə təbrik ediblər.
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı,”Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, “Olaylar” informasiya agentliyinin baş direktoru Yunus Oğuz, “Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı və digərləri müstəqil medianın cəmiyyətin həyatında mühüm rolundan danışıblar. Bildirilib ki, məhz jurnalistlərin sayəsində oxucular dünyada və ölkədə baş verən ən mühüm olaylar barədə məlumat əldə edir və onların zəhməti danılmazdır.
Çıxış edənlər 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan media nümayəndələrini təbrik edib, mətbuatımızın keçdiyi tarixi yoldan, müstəqillik dövründə əldə edilmiş nailiyyətlərdən söz açıblar.
Çay süfrəsi arxasında səmimi görüş və müzakirələrdən sonra jurnalistlərə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB və Avrasiya Beynəlxalq Araşdırmalar İB adından xatirə hədiyyələri təqdim edilib.