Xəbər lenti



Müdafiə naziri Zakir Həsənovun Çinə səfəri bir çox aspektdən Azərbaycan üçün vacibdir. Çin dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Doğrudur, Çin dünyada daha çox iqtisadi gücü ilə tanınıb. Ancaq bu dövlətin hərbi qüdrəti hər keçən gün artır. Çinin güclü hərbi-sənaye kompleksi var, müxtəlif növ silah və hərbi texnika istehsal edir.

, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, Azərbaycanın Çinin hərbi-sənaye kompleksinə artan marağı normaldır. 

“Biz bu ölkədən müxtəlif növ silahlar ala bilərik. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin əhəmiyyətli hissəsinə bu ölkədəki hərbi sənaye kompleksinə aid müəssisələrin ziyarəti daxil idi”, - deyən E. Şahinoğlunun sözlərinə görə, Azərbaycan Rusiyadan çox silah alıb, odur ki, silah və hərbi texnika asılılığını azaltmaq lazımdır.

“Həm də Rusiyanın bizə göndərdiyi silah və hərbi texnikanın keyfiyyətindəki qüsurlar barədə də müxtəlif xəbərlər var.

Necə ki, enerji resurslarımızın dünya bazarlarına çatdırılmasını şaxələndirmişik və bir dövlətdən asılı deyilik, eləcə də, silah və hərbi texnika alışında bir dövlətdən asılı olmamalıyıq. Ona görə də Çinin silah bazarı bizi cəlb edir.

Çindən silah alsaq, Rusiya buna etiraz edə bilməyəcək. Çünki Çin hansısa Qərb ölkəsi deyil. Çin sözdə Rusiyanın strateji tərəfdaşıdır və strateji müttəfiqinin Azərbaycana silah satışına etiraz edə bilməz.

Eyni məntiqlə Rusiya Azərbaycanın Belarusdan raket komplekslərinin alışına da etiraz edə bilməz, etməməlidir. Çünki Belarus da sözdə Rusiyanın strateji tərəfdaşıdır.

Zakir Həsənovun Çinə səfərinin bir başqa əhəmiyyəti də var. Ermənistanda xaosdur, hakimiyyət boşluğudur.

Ən çox qorxduqları Azərbaycan ordusunun bundan istifadə edərək işğal edilən torpaqları azad etmək məqsədilə hücum əməliyyatına başlamasıdır.

Qoy daima bu psixoloji təzyiq altında olsunlar, belə bir məqamda Zakir Həsənovun Çinə səfəri və bu ölkədən hərbi texnikanın alışı ilə bağlı fikir mübadiləsi aparması Ermənistan cəmiyyətinə növbəti mesajımızdır ki, biz müharibə hazırlıqlarımızı davam etdiririk, bundan gərəkli nəticə çıxarın”, - deyə politoloq əlavə edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov