Xəbər lenti

Dövlət Gömrük Komitəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin, Komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərlərinin, Alman- Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann və palata üzvlərinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsindəki yeniliklərlə bağlı məsələlər müzakirə edilib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verərək bildirib ki, artıq ölkəmizdə ən müasir texnologiyalara, innovativ yeniliklərə, modern infrastruktura, çevik idarəçilik mexanizminə malik, nəzarətdən-xidmətə fəlsəfəsi əsasında fəaliyyət göstərən gömrük xidməti formalaşıb.

Vurğulanıb ki, həyata keçirilən islahatlar çərçivəsində vətəndaş-məmur təması minimuma endirilib, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Görülən işlərin nəticəsi olaraq istər fiskal, istərsə də hüquqpozmalara qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub.

O da qeyd edilib ki, cari ilin fevral ayından etibarən tətbiq edilən "Yaşıl Dəhliz" buraxılış sistemi idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, sahibkarların vaxt və vəsait itkisinin azaldılmasına münbit şərait yaradıb.

Səfər Mehdiyev gömrük sistemində informasiya texnologiyalarından geniş şəkildə istifadə edildiyini, artıq blokçeyn texnologiyasının reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, eyni zamanda, yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə hesabına vətəndaşların və avtomobillərin internet vasitəsilə elektron qaydada növbə götürərək sərhəd-buraxılış məntəqələrini vaxt itirmədən, sürətli şəkildə keçməsinin təmin olunacağını diqqətə çatdırıb.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann səmimi görüşə görə təşəkkürünü bildirib, mövcud əlaqələrdən məmnunluqla bəhs edib. Palata sədri gömrük sistemində aparılan islahatların beynəlxalq ticarətin inkişafına, sərhədkeçmə proseslərinin və gömrük prosedurlarının asanlaşdırılmasına şərait yaratdığını vurğulayıb və təmsil etdiyi qurumla Azərbaycan gömrük orqanları arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini önə çəkib.

Diskussiya şəraitində keçirilən görüşdə palata üzvlərinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov