Fəaliyyəti dayandırılan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsini məhkəməyə verib.
Bizimaz.az: Oxu.Az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən universitet 1 yanvar 2012-ci ildən 1 oktyabr 2018-ci ilin üçüncü rübü də daxil olmaqla, təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməməsi kimi hərəkətlərin qanunsuz hesab edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı mümkünsüz sayaraq qərardad çıxarıb.
Həmin qərardaddan narazı qalan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabrın 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.
Məlumata görə, göstərilənləri, habelə universitetin beş illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.