Ermənistanda inqilabı erməni xalqının özü etdi. Yeni Prezident Armen Sərkisyanın erməni gəncliyinin öz gələcəyini görməməsi ilə bağlı müraciəti Ermənistandakı hadisələrin səbəbini, mahiyyətini anlamaq üçün açar cümlədir.
Bu sözləri Ermənistandakı hadisələrin yekununu şərh edən politoloq Şahin Cəfərli deyib.
“Ermənistan müstəqilliyin 27-ci ilindədir. Müstəqilliyin elan olunmasından sonra doğulanların yəqin ki, xeyli hissəsi ailə qurub və artıq 2-ci nəsil gəlir. Çox yaxın keçmişdə, 2000-ci ildə doğulanlar da böyüyüb həddi-büluğa çatıblar. Demoqrafik basqı güclənir və bu gənclərin əksəriyyəti öz vətənlərində özlərini qonaq kimi hiss edirlər. Azadlıqlar məhdudlaşdırılıb, sosial ədalət yoxdur. Cəmiyyətdə irəli getmək, özünü reallaşdırmaq, karyera yüksəlişi üçün yaxşı təhsil, savad, bacarıq kimi keyfiyyətlər yetmir, müəyyən məsafəyə qədər irəlilədikdən sonra qapılar bağlanır. Azad seçki yoxdur və bu, o deməkdir ki, insanlar öz vətənində seçmək, seçilmək hüququndan qeyri-rəsmi olaraq məhrumdur. Meritokratiyaya, yəni layiqlilərin irəli getməsinə deyil, nepotizmə, yəni qohumbazlığa, tayfa, klan, qrup mənsubiyyətinə əsaslanan sistem qurulub. Ermənistanda baş verənlərin arxa planında məhz bu səbəblər - ümidsizlik və total məyusluqdan doğan qəzəb və hiddət dayanır. Aşağılar əvvəlki kimi idarə olunmaq istəmir”, - o bildirib.
Ermənistandakı proseslərin inkişafına gəldikdə, politoloq hesab edir ki, hazırda Nikol Paşinyan haqlı olaraq erkən parlament seçkilərinin keçirilməsində israr edir:
“Doğrudan da azad, şəffaf, demokratik seçki keçirilmədən inqilabı baş tutmuş saymaq olmaz. Rusiya Paşinyana güvənmir və seçki elan olunarsa, Karapetyanın liderliyi ilə Respublika Partiyasının qələbəsində maraqlı olacaq. Təbii ki, erməni xalqının seçimi həlledicidir və onlar Serj Sərkisyandan qalma Respublika Partiyasına səs verməyə də bilər”.