İrəvanda etiraz aksiyalarının 11-ci günü start götürüb.
Mitinq təyin olunduğu (08:15) vaxtdan gec başlayıb. Etirazçılar yenidən küçələri və nəqliyyatı iflic vəziyyətinə salmağa cəhd edirlər.
***
İrəvanda Tibb Universitetinin tələbələri də aksiyalara qoşulublar. Onlar etiraza ağ xalatla çıxıblar.
İrəvanda Dövlət Universitetinin tələbələri isə müxtəlif istiqamətlərdə yolları kəsməyə başlayıblar.
***
İrəvanda tələbələr mərkəzi küçələrlə hərəkət etməyə başlayıb. Bir sıra yollarda avtomobillərin hərəkəti tam dayandırılıb. Polis etirazçıları müşahidə edir.
İrəvandakı etirazların təşkilatçılarından biri olan Tiqran Avinyan haqqında həbs qərarı qəbul edilib. Avinyan kütləvi iğtişaşlarında təşkilində ittiham olunub.
***
Ermənistan Müdafiə naziri Vigen Sərkisyan jurnalistlərə deyib ki, İrəvandakı etirazlarla əlaqədar ölkədə fövqəladə hal elan edilməyəcək.
O, Ermənistandakı qanunların ordunun baş verən hadisələrə hansı vasitələrlə müdaxilə edəcəyini dəqiq müəyyən etdiyini bildirib:
“Bu müdaxilə yalnız fövqəladə hal zamanı mümkündür. Bu zaman orduya konkret vəzifələr verilir”.
***
Ermənistanın üçüncü ən böyük şəhəri olan Vanadzorda da etiraz aksiyaları başlayıb. Aksiyaya “Qloriya” tikiş fabrikinin 3000 qadın işçisi qatılıb.
Aksiyada Vanadzor Dövlət Universitetinin tələbələri də iştirak edir.
***
İrəvandakı etirazlara “Armpoçt” dövlət şirkətinin işçiləri də qoşulub. Onlar ölkədə kütləvi tətil elan ediblər. İrəvanda yerləşən Respublika Xəstəxanasının həkimləri də aksiyalara qoşularaq, Alabyan küçəsini bağlayıblar.
Vigen Sərkisyan isə jurnalistlərə açıqlama verərək yenidən Azərbaycanı hər şeydə ittiham edib. O, qondarma Qarabağ rejiminin dünən Azərbaycan ordusuyla bağlı yaydığı videonun həqiqət olduğunu bildirib. Ölkədəki vəziyyəti Azərbaycanın üzərinə yıxmağa çalışan Sərkisyan Bakının İrəvandakı vəziyyətdən istifadə edə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hakimiyyətinin yaydığı bu yalan məlumatları təkzib edib.
***
Ermənistandakı aksiyalara hərbçilər də qoşulub. Onların İrəvandakı hərbi hissələrdən birinin əsgəri olduğunu “Azadlıq" radiosuna bu şəxslərdən biri təsdiqləyib.
Digərləri isə jurnalistlərlə əlaqə yaratmaqdan imtina ediblər.