Bu gün növbəti yeddi il müddətinə Azərbaycanın prezidenti seçilmiş İlham Əliyevin inaqurasiya mərasiminin ardınca Nazirlər Kabineti tam tərkibdə istefaya getdi.
Bəs, qanunvericilikdə Nazirlər Kabineti ən gec hansı müddətə qədər formalaşmalıdır?
Prezident baş naziri öz vəzifəsinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir.
Yəni prezident andiçmədən sonra iki həftə müddətində baş nazirin namizədliyini Milli Məclisə təqdim edir və bir ay müddətində baş naziri təyin edir.
Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir.
Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Prezidenti baş naziri Milli Məclisinin razılığı olmadan təyin edə bilər.
Nazirlər Kabinetinin tərkibinə baş nazir müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri də daxildirlər.
Bəs, bu, vitse-prezidentlər və nazir müavinlərinə də şamil ediləcəkmi?
Hüquqşünas Əliməmməd Nuriyev Axar.az-a açıqlamasında bildirib ki, nazir müavinləri hökumətin tərkibinə daxil olmadığı üçün onlar istefaya getmirlər:
“Təbii ki, söhbət baş nazir, baş nazirin müavinləri və Nazirlər Kabinetinin üzvü olan nazirlərdən getmir. Yəni istefaya hökumətin tərkibinə daxil olan şəxslər göndərilir. Digər vəzifəli şəxslər, o cümlədən, nazir müavinləri bu siyahıya daxil deyillər. Çünki bütün nazirlər və icra hakimiyyətinin rəhbərlərinin hamısı Nazirlər Kabinetinin üzvü deyil. Digər qurumlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Eyni zamanda, cənab prezident tərəfindən Nazirlər Kabinetinin yeni tərkibi təsdiq edilənə qədər müvəqqəti olaraq bütün vəzifələrin icrası elə həmin vəzifəni daşıyan şəxslərə tapşırılıb. Kabinet təsdiq olunduqdan sonra kimlərin yeni tərkibə düşəcəyinə birbaşa ölkə başçısı qərar verəcək”.
Vitse-prezidentlərin təyini məsələsinə gəldikdə isə hüquqşünas vurğulayıb ki, Birinci vitse-prezident və vitse-prezidentlər hökumətin tərkibinə daxil olmadığı üçün onların təyinatı ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulmayıb:
“Çünki birinci vitse-prezident və vitse-prezidentlərin andiçmə mərasimindən sonra istefaya getməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma yoxdur və Nazirlər Kabinetinin tərkibinə daxil deyillər. Eləcə də bu Prezident Administrasiyasındakı vəzifəli şəxslərə də aid deyil”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib və o, yeni müddət üçün səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Prezidentin sərəncamı ilə hazırda Nazirlər Kabinetinin tərkibinə daxil olan qurumları onların əvvəlki rəhbərləri əvəzedici kimi idarə edirlər.