Erməni deputat Nikol Paşinyanın təşəbbüsü ilə İrəvanda etiraz aksiyaları yenidən başlayıb.
Saat 10:00-a nəzərdə tutulan aksiya 40 dəqiqə gecikmə ilə başlayıb.
Paşinyan və tərəfdarları Fransa meydanından yürüşə çıxıb. Yürüş iştirakçılarının hədəfi Baqramyan prospekti və Moskovyan küçələrini tutmaqla paytaxtın nəqliyyat sistemini iflic etməkdir.
Paşinyan yürüş boyu tələbələri dərslərini ataraq küçəyə çıxmağa səsləyib.
Hazırda yürüş iştirakçıları Baqramyan prospektinə doğru gedir.
***
Nikol Paşinyanın rəhbərliyi ilə erməni etirazçılar Baqramyan küçəsində Ermənistan Baş naziri Serj Sərkisyanın iqamətgahını mühasirəyə alıblar.
Paşinyan iqamətgahın blokadasının başladığını rəsmən elan edib. İqamətgahın qarşısında polis kordonu götürülüb və etirazçılara heç bir problem yaradılmayıb.
***
Paşinyan Serj Sərkisyanın iqamətgahının qarşısında çıxış edib:
“Bu gecə Sərkisyan əmr verib ki, tikanlı məftillər və polislər iqamətgah qarşısındakı küçədən yığışdırılsın. Mən dünən Respublika meydanında bəyan etdim ki, Sərkisyan Ermənistana tikanlı məftillər arxasından baxacaq. Biz gəldik ki, bu rəsmi bərpa edək. Serj Sərkisyan, sən dünyaya polis kordonu və tikanlı məftillər arxasından baxacaqsan. Serj Sərkisyana layiq rəsim bərpa edildi. Əgər bunu ortadan qaldırsanız, biz qayıdıb, yenə bərpa edəcəyik”.