Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Universitetin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov "Demokrat.az" xəbər portalına müsahibə verib.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Mayın 10-da Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin doğum günü qeyd olunacaq. Onunla uzun müddət çalışmış bir şəxs kimi fikirlərinizi bilmək maraqlı olardı...
- Bir neçə gündən sonra bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları Ümummilli liderimiz Heydər Əliyevin 96 illik doğum gününü qeyd edəcək. 10 may günü ümumxalq bayramıdır. Çünki Heydər Əliyev Azərbaycan xalqının görkəmli şəxsiyyəti və sevimlisidir.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələn dövr mənim tələbəçilik illərimə təsadüf edir. Ona görə də Ümummilli liderimizin fəaliyyəti mənim yaxşı yadımdadır. 50 il bundan qabaq o hakimiyyətə gələn zaman həmin vaxt Mərkəzi Komitənin Birinci katibindən biz nələr gözləyirdik. Ondan öncə isə Azərbaycanda çox xaoitik vəziyyət yaranmışdı. Azərbaycanı aqrar bir ölkə kimi tanıyırdılar. Ancaq Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda çox böyük dəyişikliklər etdi. Baxmayaraq ki, Azərbaycan SSRİ kimi nəhəng bir imperiyanın tərkibində idi. Ancaq bütün bunlara baxmayaraq, Ulu öndər Heydər Əliyev o vaxtı Azərbaycanda inqilabi addımlar atdı, təhsil və digər sahələrdə köklü islahatlar apardı. Buna konkret misal olaraq deyə bilərəm ki, həmin dövrdə təhsil almaq üçün Azərbaycandan xaricə 100-dən çox gənc göndərilmirdi. Hətta, bəzən 50-dən artıq olmurdu. Bunların da əksəriyyəti əcnəbi millətlərdən olurdu. Ancaq Ulu öndər Hakimiyyətə gələndən sonra qısa müddətdə bu rəqəm 1000-ə çatdı. Bunun da 95-98 faizi milli kadrlar idi. Mən hər zaman deyirəm ki, bura Heydər Əliyev Universiteti olub. Ancaq təəssüf ki, rəsmi adı belə getmədi. O dövrdə təhsil almaq üçün xaricə göndərilən və sonra ölkəmizə qayıdaraq elmi sahədə öz töhfəsini verən insanlar Heydər Əliyev Universitetinin məzunları hesab olunurlar. Təbii ki, mən özümü də bu sinfə aid edirəm. Mən Azərbaycanda və Moskva Dövlət Universitetində təhsil alarkən, Ulu öndər Heydər Əliyevin gəncliyə, elm və təhsilə olan münasibətini daim hiss etmişəm. Şəxsən mən bunun şahidiyəm. Ulu öndər hər dəfə Moskvaya gələn zaman tələbələrimizlə görüşərdi, onların vəziyyəti ilə maraqlanardı, bəzən birbaşa maliyyə köməkliyi edərdi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi zamanların hamısı gözümün qabağındadır. Məni qəbildən olan bütün elm xadimləri və insanlar da özlərini Heydər Əliyev Universitetinin məzunları hesab edirlər. Təbii ki, onlar Azərbaycan cəmiyyətində elm və təhsil sahəsində özlərini təsdiq etmiş adamlardır. Bunun əsas səbəbi də məhz həmin insanların Heydər Əliyev dühası ilə yaşamış olmalarıdır. Biz alimlər Heydər Əliyevin məsləhəti ilə formalaşmışıq, Vətənə qayıdaraq öz töhfələrini əsirgəməyiblər. Hansı sahədə işləməsindən asılı olmayaraq, hər zaman Heydər Əliyev adını yüksəklərə qaldırmışıq.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi da tarixi hadisədir. Ulu öndər əvvəlcə gedib Naxçıvanı qorudu, sonra isə xalqın təkidli tələbilə Bakıya gələrək, müstəqil Azərbaycan Respublikasının prezidenti seçilib. O, bu vəzifədə işlədiyi müddətdə çox tarixi islahatlar aparıb. Ən əsası isə Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bildi. Həmin dövrdə ola bilsin ki, Azərbaycan qalacaqdı, ancaq Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlaması şübhə altında idi. Dünyada 5 min millət və xalq var. Ancaq bu millət və xalqların cəmi 200-nün dövləti var. Yəni, 1988-1993-cü illərdə Azərbaycanda çox böyük destruktiv proseslər gedirdi, Azərbaycanın müstəqil dövlət kimi qalıb-qalmaması sual altında idi. Ulu öndər Heydər Əliyev isə 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələndən sonra müstəqilliyimizə qarşı yaranan bu təhlükəni aradan qaldırdı və biz 200 dövlətdən biri olduq. Bu gün isə cənab Prezident İlham Əliyev Azərbaycanı dünya dövlətləri sırasında 20-ci yerə çatdırıb. Necə ki, Ümummilli liderimiz möhkəm təməl qoymuşdu, bu təməl üzərində də möhtərəm Prezidentimiz bunu uğurla davam etdirdi. İndi Azərbaycan dünyada çiçəklənən güclü dövlət kimi tanınır. Baxmayaraq ki, biz müharibə şəraitinə olan ölkəyik, ancaq yaranmış vəziyyət ölkədə gedən sürətli inkişafa mane ola bilmir.
Mən tez-tez xarici ölkələrdə səfərlərdə olan zaman xaricilərə Azərbaycan və Bakı haqqında məlumatlar verirəm. Onlar isə hər zaman mənə bir sual verirlər: Siz müharibə şəraitində yaşayan bir dövlət kimi bu qədər nailiyyətləri necə qazana bilirsiniz? Mən isə onlara izah edirəm ki, bütün bu işlərin hər birinin başında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri dayanır. Mən hər zaman deyirəm ki, xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var. Xalq o zaman daha çox xoşbəxt olur ki, Ümumilli liderin siyasi kursunu ölkədə Prezident və xalq birgə uğurla aparır. Mənim Ulu öndər haqqında söylədiyim fikirlərin məğzində də məhz bu amil dayanır. Ona görə də hər birimiz 10 may bayramına çox möhkəm hazırlaşırıq. Eyni zamanda Bakı Dövlət Universiteti də buna möhkəm hazırlaşır. Çünki Ümummilli liderimiz Bakı Dövlət Universitetinin məzunudur. Biz hər zaman fəxr edirik ki, Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu məhz Heydər Əliyevdir. Ona görə də Universitet kollektivi bu tədbirə çox geniş planda, ümumxalq bayramı kimi hazırlaşır. Bu çərçivədə beynəlxalq konfranslar, idman oyunları və müsabiqələr təşkil olunur. Hamımız may ayının 10-nu səbrsizliklə gözləyirik. Bu ümumxalq bayramıdır. Mən çox sevinirəm ki, Ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın İdarə Heyətinin üzvüyəm. Ümummilli liderimizlə dəfələrlə xaricdə səfərlərdə olmuşuq. Onu dünyanın hər yerində çox yaxşı tanıyırlar və sevirlər. Xaricilər də fəxr edirlər ki, bizim xalqın Heydər Əliyev kimi görkəmli şəxsiyyəti var. Mən bu bayram münasibətilə dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirəm.
- Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad ediləndən sonra mətbuatda sizin haqqınızda müxtəlif xəbərlər yazıldı. Hətta, bu addımı sizin "vurulmağınız" kimi təqdim edənlər də oldu. Barənizdə yazılan bu cür xəbərlərə münasibətiniz necədir?
- Bilirsiniz, mən ötən dəfə də sizə müsahibəmdə bildirdim ki, cənab Prezidentin sərəncamı müzakirə olunmur, icra olunur. Mən 20 ilə yaxın Bakı Dövlət Universitetinin rektoru olmuşam. Mənim sərəncamımı da 1999-cu ilin yanvar ayında Ümummilli liderimiz Heydər Əliyev vermişdi. Mən orta və ali məktəbi medallarla, əla qiymətlərlə bitirmişəm, Moskva Dövlət Universitetinin yetirməsiyəm, oradakı elmi mühiti görmüşəm. Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin vasitəsilə Akademiyanın müxbir və həqiq üzvləri olmuşam, "Azərbaycan Respublikasının əməkdar elm xadimi" və "Şöhrət" ordeni fəxri adlarına layiq görülmüşəm. Bir neçə ölkənin mükafatlarına da layiq olmuşam. Üç il bundan əvvəl isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişəm. Yəni, mənim bütün uğurlarım Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin adı ilə bağlıdır. Əlbəttə ki, mənə bu qədər uğur gətirən ölkə rəhbərlərindən hər zaman razıyam. Ancaq təbii ki, bir vəzifədə 20 il işləyəndə bundan razı və narazı qalanlar da olur. Hətta, bəziləri bundan fürsət axtarır ki, adamı nüfuzdan salsın. Mən insanlara dəyər vermək istəmirəm. Yalnız öz dəyərimi qorumağa çalışıram. Haqqımda deyilən bu cür yalan və cəfəngiyyatlara fikir vermək istəmirəm. O adamlar oxusalar görərlər ki, Prezidentin sərəncamında nəyə görə vəzifədən çıxmağım yazılmır. Prezidentin sərəncamında yazılır ki, Abel Məhərrəmov tutduğu vəzifədən azad edilir. Burada da heç bir səbəb göstərilmir. Əgər cənab Prezident heç bir səbəb göstərmirsə, təbii ki, bundan sui-istifadə edənlər mənə qarşı qara və ləkə yaxmaqla məşğul olacaqlar. Bunun öz səbəbləri var. Çünki onlar heç zaman mən qalxdığım zirvələrə qalxa bilməyiblər. Mən arzu edirəm ki, onlar da bu zirvəyə qalxsınlar və sonra bilsinlər ki, insan əlinin qabarı, beyninin zəhməti, yuxusuz gecələri hesabına bu zirvələrə qalxan adama ləkə atmaq insanlığa sığmayan hərəkətlərdir. Onlar mənə və övladıma qarşı ləkə atırdılar. Mən öz zəhmətimlə sadə ailədən çıxmışam. Mən orta məktəbi medalla, ali məktəbi isə fərqlənmə ilə bitirmişəm. Moskva Dövlət Universitetində oxumuşam, çoxları aspiranturanı 3 ilə müdafiə etdiyi halda mən 2 il 5 aya başa vurmuşam, doktorluğumu cavan vaxtımda etmişəm, cavan yaşlarımda Akademiyanın müxbir və həqiq üzvü olmuşam. Yəni, elm adamlarına ləkə atan zaman bir qədər düşünmək lazımdır.
- Sizinlə Şeyxülislam Hacı Allahşükür Paşazadənin adının bir yerdə hallandırılmasından sonra aranızda hər hansı söhbət olubmu?
- Bilirsiniz, bəzən cəmiyyətdə belə hallar olur. Kimlərsə məqamdan sui-istifadə etməyə çalışır. Onlar boşboğaz adamlardır. Onların peşəsi təmiz adamlara qara yaxmaqdır. Bu cür adamlar bütün dövlətlərdə olur. Qarayaxan adam heç zaman özündən zəif adama ləkə atmağa çalışmaz. Onlar elə adamlara qara yaxırlar ki, bundan sensasiya yaransın və sairə. Ancaq bunlara əhəmiyyət vermirəm. Bunlar mənim üçün gözgötürməmək və mənasız söhbətlərdir. Bir daha deyirəm ki, elm adamlarını qorumaq lazımdır. Çünki 1 akademik nə qədər sürətli inkişaf etsə də, 50 yaşa gecə-gündüz işləsə, gəlib çata bilir. Ona görə də bir akademikin başına qara daş ataraq, onu ləkələmək, həmin şəxsin milli yetkinliyinin olmamasından irəli gəlir. Belə insanlar cəmiyyətdə gələcəkdə də olacaq. Biz onlardan özümüzü qorumalıyıq.
- Dediyiniz qarayaxma kampaniyası zamanı təmsil olunduğunuz Yeni Azərbaycan Partiyasından sizə hər hansı dəstək verildimi?
- Hesab edirəm ki, mənim müdafiəmə heç bir ehtiyac yoxdur. Çünki mən səhv iş görməmişəm ki, məni müdafiə etsinlər. Yaxud da ölkə rəhbəri mənimlə bağlı qeyri-adi addım atmayıb ki, məni müdafiə etsinlər.
Bilirsiniz, biz bundan sonra elə yazılar yazmalıyıq ki, millətimizin yetkinliyi möhkəmlənsin. Nəticədə qara yaxmaq və məqamdan sui-istifadə etmək istəyənlərin sayı azalsın. Burada kütləvi informasiya vasitələrinin vəzifəsi ondan ibarətdir ki, ilk növbədə milli təəssübkeşliyi və milli düşüncəni qlobal müstəviyə çıxara bilsinlər, ağa qara, qaraya da ağ deməsinlər. Ən əsası elm adamlarını ləkələməsinlər. Elm adamını ləkələyəndən sonra onun müdafiəsinə də ehtiyac yoxdur. Çünki ölkə Prezidentinin mənimlə bağlı sərəncamında ləkələnəsi nə isə yoxdur. Bunu ləkələyənlər ətrafda uzun müddət pusquda duranlar və öz yazıları ilə sensasiya yaratmaq istəyən adamlar olub. Bəlkə də hələ bundan sonra da eyni arzuda olacaqlar. Hesab edirəm ki, qarayaxanlara Azərbaycan cəmiyyətində yer olmamalıdır.
- Sizə qarşı qarayaxma aparanların hakimiyyətdə təmsil olunan şəxslərdən olduğunu düşünürsünüz?
- Mən bunu analiz etməmişəm. Ancaq bizim cəmiyyət elədir ki, dəstək olmasa, geri çəkilirlər, dəstək olanda isə qabağa gedirlər. Yəni, kimsə kiminsə idarəsində işləyirsə, ola bilər ki, ona arxayın olub edib. Yenə deyirəm ki, mənim ölkə rəhbərindən heç bir narazılığım yoxdur. Əksinə, mən onun yürütdüyü siyasəti səmimi şəkildə dəstəkləyirəm. Biz çox şadıq ki, bu gün ölkəmizi İlham Əliyev kimi təcrübəli və güclü Prezident idarə edir. Bu gün Azərbaycanda xalqla Prezidentin birliyi çox uğurla fəaliyyət göstərir. Əminəm ki, bu siyasətlə Azərbaycanı işıqlı gələcəyə aparacağıq.
- Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevlə münasibətləriniz necədir?
- Vallah, yeni rektorla çox gözəl münasibətimiz var. Onun rəhmətlik atasını da, özünü də, böyük qardaşını da tanıyıram. Münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Ancaq mən indi daha rekyor deyiləm, onun işinə qarışa bilmərəm. Hazırda mən kafedra müdiriyəm və uzun illər də kafedra müdiri olmuşam. Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasına rəhbərlik edirəm. Uzun illər burada dekan da olmuşam. Yəni, haradan getmişəmsə, ora da qayıtmışam. Ancaq onu biləsiniz ki, bizim kafedra ən böyük kafedralardan biridir. Mənim rəhbərliyimlə 70-dən çox alim müdafiə edib. Onun 20-dən çoxu elmlər doktoru, 50-si isə elmlər namizədi olub. Mən bu kollektivlə yenə bir yerdə işləyirəm. Onların bəziləri bu gün Yaponiyada, Portuqaliyada, İspaniyada, ABŞ-da, Rusiyada işləyirlər. Mən onlarla fəxr edirəm. Əvvəlkindən indi boş vaxtım çoxdur. Çalışacam ki, bu alimlərin sayı qısa müddətdə 100-ə çatsın. Mən ilk növbədə elm adamıyam. Ona görə də bu elmə hörmət və diqqətlə yanaşıram.