Novosti.az Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyevdən yaxın gələcəkdə manatı nə gözlədiyini və rublun məzənnəsinin dəyişməsinin milli valyutaya nə dərəcədə təsir edəcəyini soruşub.
"Rusiya və Türkiyədə müvafiq olaraq rubl və lirədə müəyyən dərəcədə bəzi məzənnə dəyişikliyi var. Lakin bu dəyişikliklər o qədər də böyük deyil. Dəqiq proqnoz söyləmək çətin olsa da, mən deyə bilərəm ki, rus rublu güclənməyə doğru gedir. Bu, artan neft qiymətləri fonunda baş verir. İnanıram ki, türk lirəsi də öz yerini tutacaq", deyə millət vəkili bildirib.
Manatın məzənnəsi barədə danışan Quliyev qeyd edib ki, manatın məzənnəsi sabit olaraq qalır( bir dollar - 1.70 manat).Devalvasiya üçün heç bir əsas yoxdur, çünki bir sıra müsbət tendensiyalar var. Birincisi qeyri-neft sektorunun inkişafı, ikincisi isə artan neft qiymətləri buna öz təsirini göstərir. Suriyadakı müharibənin fonunda və regional münaqişələrlə müqayisədə neftin qiymətində artım var.
"Bir alim kimi, mən neftin qiymətinin dəyişməsi nəticəsində kəskin məzənnə dəyişikliyi olduğunu düşünmürəm. Məzənnənin düşməsi neft qiymətlərinin kəskin enməsi nəticəsində baş verir. Belə bir vəziyyəti gözləmirik. Keçdiyimiz müddət iqtisadi və makro-iqtisadi göstəricilər baxımından müsbət olub. Bu səbəblə də yaxın gələcəkdə heç bir dəyişiklik olmayacağından daha çox əminəm", deyə deputat qeyd edib.
Aprelin 11-də Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə müraciət edərək bildirib ki, manatın devalvasiyasından heç bir söhbət gedə bilməz. O, ölkədəki ödəmə balansının müsbət tarazlıq yaratdığını və ilin əvvəlindən etibarən valyuta ehtiyatlarının artdığını vurğulayıb.
"Bununla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin qiyməti 25% artıb, qeyri-neft ixracının artması, ölkənin turizm sektoru vasitəsilə valyuta qazanması, hamısı göstərir ki, manatın devalvasiyasından heç bir söhbət gedə bilməz. Bizim əsas ticarət tərəfdaşlarımız yalnız 0,2-0,3% səviyyəsində dəyişkənliyə səbəb ola bilərlər, lakin bu, əhəmiyyətsiz göstəricidir, ölkənin kifayət qədər valyutası var, biz nağd pul tələbini ödəməyə hazırıq ", deyə Azərbaycanın baş bankiri bildirib.