Vergi Məcəlləsində dəyişiklik edilib.
Bizimaz.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O qeyd edib ki, Məcəlləyə dəyişiklik buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə edilir:
“Belə ki, kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən iki il müddətinə əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur. Həmçinin hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması da təklif olunur”.
Məcəlləyə dəyişiklik müzakirələr açılmadan səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, 2016-cı ildən Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı ƏDV-dən azad olunub. 2017-ci ildə vergidən azadetmə 4 il müddətinə uzadılıb.